İslam ölkələrinin təhsil, elm və mədəniyyət siyasəti Bakıda müzakirə olunur

 

Azərbaycan paytaxtı İSESCO İcraiyyə Şurasının iclasına və qurumun Baş Konfransına ev sahibliyi edir

 

Noyabrın 23-də Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) İcraiyyə Şurasının 36-cı iclası işə başladı.

 

İclası giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları Azərbaycan dövləti adından salamladı. Nazir bildirdi ki, Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərində İSESCO ilə əməkdaşlıq xüsusi yer tutur. Vurğulandı ki, Azərbaycan 1991-ci ildən İslam Əməkdaşlıq Təşkilatının və İSESCO-nun üzvüdür. Təşkilatla münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Son illərdə İSESCO fəaliyyətində böyük uğurlar əldə edib. Bu nailiyyətlərdə üzv dövlət kimi Azərbaycanın da payı var. 2006-cı ildən bəri İSESCO xətti ilə Azərbaycanda mühüm tədbirlər həyata keçirilib. 2007-ci ildə “Gənclər sivilizasiyalarının alyansı naminə”, 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və İSESCO dəstəyi ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadının rolu” forumu, 2009-cu ildə Bakının “İslam mədəniyyətinin paytaxtı” olması və bu çərçivədə islam ölkələri mədəniyyət nazirlərinin konfransı və digər tədbirlər bu qəbildəndir. 2011-ci ildən Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə Bakıda ənənəvi olaraq (iki ildən bir) keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun həmtəsisçilərindən biri də İSESCO-dur.

Nazir 2009-cu ildə Bakı şəhərinin, 2018-ci il üçün isə Naxçıvanın İSESCO tərəfindən “İslam mədəniyyətinin paytaxtı” elan edilməsinə görə üzv dövlətlərə təşəkkürünü bildirdi, birgə fəaliyyətin gələcəkdə də uğurla davam etdirilməsini arzuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində görülən işlərə toxunan nazir ölkəmizin haqq işini birmənalı olaraq dəstəklədiyinə görə İSESCO rəhbərliyinə minnətdarlığını ifadə etdi.

Qeyd olundu ki, Azərbaycan Prezidenti tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi” çərçivəsində keçirilən silsilə tədbirlər və İSESCO-nun bu xüsusda fəal mövqeyi artıq islam dünyasının mədəniyyət səviyyəsini, elm və təhsilini, eləcə də islam dininin sülh, anlaşma və dialoq dini olduğunu bütün dünyaya nümayiş etdirməyə imkan yaradıb.

 

 

 

 

Nazir 2016-cı ilin aprel ayında Bakıda BMT-nın Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini də sessiya iştirakçılarının nəzərinə çatdırdı. Həmçinin bildirdi ki, 2017-ci ildə dövlətimiz islam ölkələrini birləşdirən daha bir tədbirə, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

Nazir İSESCO-nun Bakı toplantısının müsəlman ölkələrinin elm, təhsil və mədəniyyətində yeni səhifələr açacağına əminliyini ifadə edərək tədbirə uğurlar arzuladı.

Yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinə təşəkkür edən İSESCO İcraiyyə Şurasının sədri Bubəkr Dokurə təşkilatın fəaliyyətindən danışdı. Bildirdi ki, iclasda İSESCO-nun qazandığı uğurlar və qarşıda duran vəzifələr nəzərdən keçiriləcək. Qurumun ötən üç ildə fəaliyyətinin müzakirə ediləcəyi və qarşıdakı illər üçün fəaliyyət planının təsdiqlənəcəyi diqqətə çatdırıldı. Vurğulandı ki, ötən dövrdə görülən işlər növbəti addımlar atmaq üçün böyük imkanlar yaradır.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bildirdi ki, qurumla Azərbaycan arasında məhsuldar əməkdaşlıq əlaqələri var. İSESCO Prezident İlham Əliyevin dəstəyi ilə Bakıda mühüm tədbirlər keçirib. Baş direktor buna görə Azərbaycanın dövlət başçısına minnətdarlığını ifadə etdi.

Təşkilatın üçillik fəaliyyətinə dair hesabatlar hazırlandığını deyən Əbdüləziz bin Osman əl-Tüveycri iclasda yeni tədbirlər planının qəbul olunacağına əminliyini ifadə etdi. Baş direktor ötən dövrdə nəzərdə tutulan tədbirlərin 80%-dən çoxunun reallaşdığını, bu layihələrin islam ölkələrinin xeyrinə olduğunu vurğuladı.

Qeyd olundu ki, islam ölkələri arasında çoxtərəfli əməkdaşlıq üzv dövlətlər arasında elm, mədəniyyət və təhsil sahəsində əlaqələrin irəliləyişinə səbəb olub. Bu gün dünyada islamafobiyanın yarandığı bir vaxtda üzv ölkələr buna qarşı tədbirlər görməli, elm, mədəniyyət, təhsil ilə dünyaya islamın dostluğa səsləyən bir din olduğunu sübut etməlidirlər.

Əbdüləziz bin Osman əl-Tüveycri iclasın işçi sessiyalarında 2018-ci ilə qədər olan tədbirlərin də müzakirə ediləcəyini nəzərə çatdıraraq bu layihələrdə təhsil və mədəniyyət meyarlarının üstünlük təşkil etməsinin vacibliyini vurğuladı. Bildirdi ki, növbəti illərdə bu sahələrdə daha uğurlu nailiyyətlər əldə edilməsi üçün təkliflər hazırlanmalıdır. Təşkilat hər zaman birgəyaşayış, ədalət və sülh dəyərlərini təbliğ edib. Qeyd olundu ki, Bakı sessiyasında 2016-2018 illər üzrə tədbir və layihələrlə bərabər təşkilatın büdcə məsələləri də müzakirə ediləcək. İSESCO İcraiyyə Şurası 36-cı iclasından sonra Bakıda qurumun ali orqanının - 12-ci Baş Konfransının keçiriləcəyi də diqqətə çatdırıldı.

Günün ikinci yarısında İSESCO İcraiyyə Şurasının 36-cı iclası işini sessiyalarla davam etdirdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.-25 noyabr.- S. 3.