Azərbaycanlı rəssamın əsərləri Parisin sərgi salonunda

 

Parisin “Qran Pale” sərgi salonunda “Art Capital-2015” müasir incəsənət sərgisi noyabrın 25-də öz qapılarını ictimaiyyətə açıb.

Sərgidə 2016-cı ildə dəbdə olacaq yeni cərəyanlar yer alıb. Nümayiş olunan rəsm əsərləri sənətşünaslardan ibarət münsiflər heyəti tərəfindən seçilib.

Parisdə yaşayan azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın “Bütün həyat teatrdır” silsiləsindən “Sevgi apofeozu” və “Nostalgiya” tablolarından ibarət kompozisiya diptixi də “Art Capital-2015” sərgisində nümayiş olunur.

Delakrua, David, Enqri, Van Qoq, Qoqen kimi rəssamların əsərlərindən ilhamlandığını deyən azərbaycanlı rəssam “Qran Pale”nin Böyük Payız Salonunda peşəkar münsiflərin seçdiyi əsərlərin sərgisində ölkəmizi təmsil edir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın dekabr ayında Parisin mərkəzi qalereyasında sərgisinin açılışı gözlənilir.

Xatırladaq ki, hər il təşkil olunan “Art Capital-2015” sərgisi 4 bölmədən ibarətdir. 2 mindən çox rəssamın, heykəltəraşın, fotoqrafın, arxitektorun əsərlərinin nümayiş olunduğu sərgidə 40 minədək ziyarətçinin olacağı gözlənilir.

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 16.