Canlı məktəb -

 

Azərbaycan xalqının ilk milli mirzəsi Mirzə Şəfi Vazeh

 

Bu adam tək elə dövrünün kütləvi (ibtidai, orta) məktəblərdən xali həmvətənlərinə deyil, məşhur universitetləri olan bir alman şairinə də müəllimlik edib.

Bu universitetsiz müəllim Avropadan gələn o şair-tələbəsinə Şərqi öyrətdi, o isə bu şair-müəllimini bütün Qərbə tanıtdı...

 

Bu Şərq ustadı o Qərb şəyirdinə dediyi dərslərin birində bunu da söyləmişdi: “Mən Şərqin tanınmış alimlərindənəm. Deməli, sən çalışmalısan ki, bu gəncəli müəllimin sayəsində ikinci müdrik adam olasan”. Bu, qeyri-təvazö bir iddia sayılmasın; ömrü uzunu hər şeyin vazehinə varmağa çalışmış Mirzə Şəfi “dili də var, dirçəyi də” məsəlinə misallardan olub...

Və mənim də bir -

 

Şagirdlik xatirəm...

 

Yazı-pozu adamları əsasən ədəbiyyat “şinel”indən çıxdıqlarından, adətən, məhz bu fənn müəllimlərini xatırlayıb-sevələyirlər. Mənim yadımdasa, bu peşənin “qara fəhlə”liyinə, namus-vicdanlılığına, müdrik sözlərinə, dərsləri daha yaxşı, daha sürətlə mənimsətmək eşqilə hərdən özünü “unudub” yazı taxtasındakı yanlışını qolçağıyla silməsinə və... bu kimi məqamlarda uşaqların ona gülməsinə görə, ən çox, kimya müəllimimiz - Bahadır Hacıyev qalıb.

Bu səbəbli gülüşlərin lap “ağelədi”sində rəhmətlik Bahadır müəllim qayıtdı ki: “Nəyə gülürsüz, balalarım? Ayaqqabıma gülürsüzsə, bunu tikən fabrikə gülün. Kostyumuma eyhamdırsa, dərziyə gülün. Yox, əgər özümə gülürsüzsə, əstəğfürullah, Allaha gülün” (ki, məni belə yaradıb)!..

O vaxt mən o məhəlli gülüşün babalından kənar qala bilsəm də, elə həmin illərə təsadüf edən bir ictimai-millisinin günahına batmışam. Belə ki, 60-cı illərin “Ədəbiyyat müntəxəbatı”nda Mirzə Şəfi Vazehin uzun və şiş (öz Qarabağ ləhcəmizdə “uzun-şüllək”) papaqlı şəklini görərkən, bəzi şagirdlər kimi, mən də gülmüşdüm. Bizə elə gəlirdi ki, bu papaq sovetlərin bizlərdə nifrət oyatdığı mollaların motal papaqlarının ən gülməlilərindəndir...

Sonralar daha böyük Mirzəmizin “Molla Nəsrəddin”indəki məlum “aynaya baxmaq” təklifini oxuduq və baxdıq gördük ki, biz özümüzə gülürmüşük...

Və sən demə, bizim o “savadlı” dövrdə güldüyümüz bu adamı yüz il əvvəl xalq “Gəncəli müdrik” adlandırırmış.

O, bu xalqın milli Mirzəliyinin (adı bizim, dadı Rusiyanın olan Mirzə Kazım bəyi istisna etsək) ilki imiş. Fətəlidən 18 il, Ələkbər və Cəlildən iki qərinə öncə doğulmuş və bu ada sahib olmuş, ümumxalq dərd-sərimizi, milli halət-ovqatımızı əyan-bəyan etmiş ilk Mirzəmiz! Qənaətimcə, məlum “alman oğurluğu”nun üstü açılmasaymış, Mirzə Şəfi də (bir az fərq və müqəyyədliklə) Mirzə Kazım bəy taleyi yaşayacaqmış...

 

Şəfinin Tiflis taleyi

 

Bu şəhərdə onu daha böyük bir mirzə - Mirzə Fətəli Axundzadə, böyük ədəbi sehrbaz Fridrix Bodenştedt və nəticə etibarilə, bütün Avropada böyük məşhurluq gözləyirmiş. 1840-cı ildə Mirzə Fətəli onun Tiflisdəki qəza məktəbinə müəllim qəbul edilməsinə yardımçı olur və o (1848-1850-ci illər istisna edilməklə) ömrünün sonuna qədər burada işləyir. Bu milli Mirzə Tiflisdə tək elə müəllimliklə kifayətlənmir, azərbaycanlı şagirdlər üçün “Kitabi-türk” adlı dərs vəsaiti yazır. Bu kitabdakı “müdrik deyimlər və təlimatlar” sonradan Bodenştedt tərəfindən mənimsənilir, əsl müəllifi göstərilmədən təkrar-təkrar nəşr edilir.

Mirzə Şəfi taleyini qarabaqara izləmiş “ədəbi kabus” - Bodenştedt yaşca ondan 25 il kiçik, təhsilcə isə müqayisəyəgəlməz dərəcədə üstün idi - Almaniyanın üç məşhur universitetini bitirmişdi. Amma sən demə, Moskvadan Tiflisə xarici dillərin tədrisi üçün gəlib, Şərq dillərini də öyrənmək fikrinə düşən bu “mədəni” yarlıqlı əcnəbini, tale qəribə bir oğurluğa - poeziya plagiatlığına gətiribmiş. Amma onun bu oğurluğu bizim bir sıra istedad və qabiliyyət doğruluğumuzu da üzə çıxaracaqmış. Bəli, Bodenştedtin sonralar yazacağı “Xatirələr”i bizim dilimizin, “kustar” dilçilərimizin, böyük şairlərimizin çox “dərəceyi-mərtəbə” və mətləblərindən xəbər verir: “O zaman mən Şərq dillərini öyrənmək istədim və tatar (türk) dilindən başladım. Çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət üçün vacib sayılır. Bu dili bilən hər kəs hər yerdə rus dilini bilmədən də baş çıxara bilir”. Sonralar öz plagiatlığı ilə bütün dünyanı heyrətləndirəcək Bodenştedt hələ qəlbinə şeytan girməmişdən öncə yazdığı həmin “Xatirələr”ində belə heyrətlənirdi: “Mən hələ onun dil dərslərinə kitab gətirdiyini görməmişdim. O, dediklərinin, diktə etdiklərinin, sitat gətirdiklərinin hamısını yaddaşından nəql edirdi!..”

Bu tədris üsulunun gücü ilə Bodenştedt Azərbaycan və fars poeziyasının gözəlliklərini incəliklərinə qədər mənimsəyir. Bundan çox məmnun olan sadədil Mirzə Şəfi isə (dədə-baba mentalitetimizə rəğmən) özünün “Hikmət açarı” kitabını - başqa sözlə desək, müəlliflik haqqını ona bağışlayır...

...Bodenştedtin həmin tarixədək müəllifi olduğu heç bir tərcümə və ya digər əsəri ona bu “müəllifliyi” qədər şan-şöhrət gətirməmişdi. Bu kitab ona heç vaxt, heç zaman gözləmədiyi bir uğur qazandırmışdı. Kitab naşirin təklifi ilə “Mirzə Şəfi nəğmələri” adı altında təkrar nəşr olunur, fransız, ingilis, holland, ispan, portuqal, rus, çex, macar və s. dillərdə çap edilir.

Bu uğurlar sonradan Bodenştedti Mirzə Şəfi irsini bütünlüklə mənimsəmək eşqinə salır; guya bu şərqli obrazı onun canına-qanına o qədər hopubmuş ki, bir vaxtlar öz şeirlərini belə Mirzə Şəfi adı ilə imzalayıbmış! Həqiqətlərdən xəbərsiz alman və digər Avropa şərqşünaslığı isə Bodenştedtin bu etiraf-bəyanatını qeyd-şərtsiz qəbul edir...

...Bodenştedt 1845-ci ildə Almaniyaya qayıdır və “Şərqdə 1001 gün” adlı kitab yazır. Hələ “məsum”, sədaqətli Bodenştedt M.Ş.Vazehdən tərcümə etdiyi şeirləri də daxil etdiyi həmin kitabda yazırdı: “Ey gəncəli müdrik Mirzə Şəfi! Yenə xəyalımda surətin canlanır. Sənin sözlərin həqiqət oldu. Sənin nəğmələrin bizim qız-gəlinlərin ürəklərində özünə yuva tapdı. Sənin adın Qərb dünyasında şərəflə səsləndi”.

Nəğmələri alman qız-gəlinlərinin ürəklərində yuva tapan bu şairin -

 

Öz sevgiləri...

 

Bodenştedtin sözün hər iki mənasında maraqlı “Xatirələr”inin yazı tərzindən bu da bəlli olur ki, onların münasibətləri müəllim-şagird əndazəsindən daha ali imiş; Mirzə Şəfi Bodenştedti yüksək duyğularını bölüşəsi bir insan kimi də görürmüş. “Xatirələr”dəki bəzi parçalar da bunu təsdiqləyir: “Bir gün ondan soruşdum: -Mirzə Şəfi, heç sevmisənmi? O, sualıma Hafizdən bir qəzəl oxuduqdan sonra cavab verdi: - ...Mən bircə dəfə aşiq olmuşam. Elə vurulmuşdum ki, hələ heç kəs belə vurulmayıb!..”

Bu bənzərsiz vurulmanın Hədəfi İbrahim xanın qızı Züleyxa imiş. O qız necə gözəlmişsə, ona aid yazdığı on beş şeirdən hansınısa Bodenştedtə oxumağı layiq-lazım bilmir və fikrini nəsri formada ifadə edir: “Heç bilmirəm, sənə onun zülmət gecəyə bənzər, lakin ulduzlar kimi parlaq gözlərindənmi, yoxsa zərif qədd-qamətindənmi, qar kimi ağ, incə əllərindənmi, buruq-buruq dolaşıb gərdəninə tökülmüş uzun hörüklərindənmi danışım, yoxsa, Şiraz çiçəkləri kimi ətirli nəfəsindənmi söz açım?..”

“Xatirələr”ə görə, Vazehin nakam məhəbbəti belə olub: İbrahim xanın axşamlar evdə olmamasından istifadə edən Şəfi qızın evinin eyvanı görsənən tərəfdə gəzərək Camidən və Hafizdən qəzəllər oxuyaraq onun diqqətini cəlb eləməyə çalışır. Nəhayət, günlərin birində, Züleyxanın ağ çadraya bürünmüş sirdaşı Fatma gizlicə ona yaxınlaşıb, sevgisinin qarşılıqsız olmadığını xəbər verir və onlar gizlicə görüşməyə başlayırlar. Lakin bu xoşbəxtliyin ömrü cəmi altı ay çəkir. Hərbi səfərdən qayıdan İbrahim xan qızını öz “tay-tuşlarından olan” Əhməd xana verməkçün toy tədarükü görməyə başlayır. Çıxış yolu qalmadığını görən Şəfi isə Züleyxanı qaçırmalı olur. Lakin həmin gecə daldalandıqları kənddə qız atasının adamları onu yaxalayıb, Züleyxanı əlindən alırlar. Züleyxanı uzun müddət unuda bilməyən Şəfidən tarixə daha bir nəsri kəlam da qalır: “Vaxt vardı, biri mənə hamını əvəz edirdi, indi hamı mənə birini əvəz etmir!..”

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 12.