ADMİU-da müəllimlərin ustad konserti

 

Noyabrın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) xalq çalğı alətləri ifaçılığı kafedrası müəllimlərinin ənənəvi ustad konserti təşkil olunub.

Tədbirdə kafedranın baş müəllimi Sərxan Abıyev C.Cahangirovun “Zəriflik” mahnısı, “Bayatılar” xalq mahnısı, “Ənzəli” rəqs melodiyasını qarmonda ifa edib. Sonra səhnəyə çıxan professor, Əməkdar artist, tarzən Vamiq Məmmədəliyev əvvəlcə ifa edəcəyi “Rast” muğamının tarixi, şöbələri haqqında məlumat verib və muğamı dinləyicilərə təqdim edib.

Xalq artisti, professor Zamiq Əliyev də konsertdə çıxış edərək, Şəmsi Kərimovun “Gecələr” və “Şur” muğamını səsləndirib. Qədim muğamlardan biri, az ifa olunan “Nəva” muğamı haqqında kafedranın dosenti, kamança ifaçısı Mirnazim Əsədullayev geniş məlumat verib, daha sonra muğamı ifa edib.

Tədbirdə həmçinin dosent Famil Əliyev S.Ələsgərovun “Gözlə məni”, A.Gərayın “Səfikürd”, T.Quliyevin “Qızıl üzük” əsərlərini, Cəbrayıl Göyüşov isə C.Cahangirovun “Alagöz” mahnısını və “Çahargah” muğamını səsləndiriblər.

Hər zaman olduğu kimi, universitetin müəllimləri yüksək səviyyəli, peşəkar ifaları ilə tələbələrə bir daha örnək olublar.

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 11.