“Bizim kino günləri” layihəsi davam edir

 

Layihə çərçivəsində növbəti təqdimat-müzakirə “Dərs” filminə həsr olunmuşdu

 

Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycanfilm" kinostudiyasının birgə keçirdiyi “Bizim kino günləri - audiovizual məkanda peşəkarlıq” layihəsi davam edir.

 

Layihəyə 20 noyabr tarixində Nizami Kino Mərkəzində “Axınla aşağı” filminin nümayişi və ekran əsərinin müzakirələri ilə start verilib. Layihə Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri, dünya kino sənayesinə inteqrasiyası və peşəkarlıq məsələlərinə həsr olunub.

Noyabrın 25-də təşkil edilən növbəti təqdimat-müzakirə Xalq artisti Rafiq Əliyev və Cavid Təvəkkülün birgə ekranlaşdırdığı "Dərs" filminə həsr olunmuşdu.

Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov ekran əsəri barədə fikirlərini mətbuat nümayəndələri ilə bölüşdü, uşaqlar üçün film çəkməyin çətinliklərindən danışdı: "Son illər Azərbaycanda uşaq filmləri, demək olar ki, çəkilmir. Bunun da köklü səbəbləri var. Sovet dövründə Azərbaycanda Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Tofiq İsmayılov, Rasim İsmayılov kimi rejissorlar maraqlı uşaq filmləri ekranlaşdırıblar. Uşaqlarla film çəkmək, işləmək çox çətindir. Hər bir rejissordan böyük səbir, təmkin tələb olunur. Biz çox istəyirik ki, uşaqlar üçün filmlər çəkilsin. Belə filmlər uşaq psixologiyasında, onların dünyagörüşündə mühüm rol oynayır. Azərbaycan nağılları əsasında seriallar da çəkmək olar. Bunların hamısı gələcəyin işidir”.

Sektor müdiri vurğuladı ki, uşaq filmləri üzərində işləyərkən nağılları müasir dilə çevirmək, müasir texnologiyaların imkanlarından istifadə etmək mütləqdir: “Uşaq filmləri bədii filmin bir hissəsidir. Uşaqlara aid olan kinonun digər sahəsi isə cizgi filmləridir ki, kinostudiyada bu sahədə müəyyən işlər görülür. Son dövrdə bir neçə maarifləndirici cizgi filmi çəkilib. Hazırda bu sahədə yüksək peşəkarlıq və bacarığa malik kadrlara ehtiyac var. Buna görə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə animasiya sənətini öyrənmək üçün bir neçə gənc xaricdə təhsil alır”.

Daha sonra “Dərs” bədii filmi nümayiş olundu.

Yaradıcı heyət - filmin rejissorları Rafiq Əliyev, Cavid Təvəkkül, baş rolun ifaçıları Nazim İbrahimov, Mənsurə Əhmədova jurnalistlərin suallarını cavablandırdılar. Müasir uşaq kinosu və problemlər, Azərbaycanda uşaq filmlərinin istehsalı, valideyn-övlad münasibətləri, uşaqların cəmiyyətə adaptasiyası mövzuları ətrafında fikirlər səsləndirildi.

Qeyd edək ki, layihə çərçivəsində təqdim olunan filmlər Nizami Kino Mərkəzi ilə yanaşı, “Park Cinema” və “28 Cinema”da da nümayiş etdirilir.

 

Lalə

 

Mədəniyyət.- 2015.-27 noyabr.- S. 7.