İnteqrasiya, mədəni inkişaf, yüksək təhsil və yeni texnologiyalar

 

İSESCO-nun Bakıda keçirilən Baş Konfransının 12-ci sessiyasında bu mövzular prioritet təşkil edir

 

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) Baş Konfransının 12-ci sessiyasının ilk iclası keçirildi.

 

İclasda çıxış edən Səudiyyə Ərəbistanı təhsil nazirinin müavini Məhəmməd bin Əbdüləziz əl-Buhali Baş Konfransın 11-ci sessiyasından ötən dövrdə təşkilatın fəaliyyətini müsbət qiymətləndirdi. Qeyd etdi ki, əldə olunan nailiyyətlər və təcrübə əsasında təşkilatın reytinqi getdikcə artır. Onun sözlərinə görə, dünyada baş verən son hadisələr fonunda islam həmrəyliyi daha da gücləndirilməlidir: "Bu da təhsil, elm, insanlararası münasibətlərdə inkişafı labüd edir. İslam dünyası çətinliklə üzləşdikcə daha çox İSESCO-ya ehtiyac duyacaq. Üzv ölkələri dəstəkləməklə islam həmrəyliyini dəstəkləmiş olacağıq. Gələcək nəslin təhlükəsiz və sülh şəraitində yaşaması üçün əlimizdən gələni edəcəyik. İSESCO-nun əlində bu vasitələr var”.

İSESCO İcraiyyə Şurasının sədri Bubəkr Dokurə ölkəmizdə gördükləri qonaqpərvərliyə görə təşəkkürünü bildirdi, Bakıda keçirilən toplantının təşkilatın gələcək fəaliyyəti baxımından əhəmiyyətini vurğuladı. O da çıxışında islam dövlətlərinin həmrəyliyinin gücləndirilməsindən söz açdı. Bildirdi ki, elm, təhsil, mədəniyyəti əhatə edən təşkilat gələcəkdə informasiya, texnologiya və digər sahələri əhatə edərək yeni əməkdaşlıqlara imza atacaq.

İSESCO-nun sosial məsələlər üzrə nümayəndəsi Mehna Ahmed Talebna Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə islam mədəniyyətinə və gənclərin təhsilinə göstərdiyi diqqətə görə minnətdarlığını bildirdi. Son illərdə İSESCO tərəfindən görülən işləri yüksək qiymətləndirən xanım Mehna bildirdi ki, islam mədəniyyətinin qorunması, islam mədəniyyəti paytaxtlarının elan edilməsi müsəlmanlar üçün elm və təhsil imkanlarını genişləndirir. Bu gün dünyanın ayrı-ayrı yerlərində meydana çıxan islamofobiya irqi, dini ayrı-seçkiliyin bir formasıdır. Hazırda dünyanın böyük bir hissəsi insan hüquqlarının təmin edilməməsindən əziyyət çəkir. Bu yöndə biz də fəaliyyət planları hazırlamalıyıq. İslam ölkələri üçün təhsil bu yolda vacib və mühüm məsələdir. Üzv dövlətlərdə elm və texnologiya mərkəzləri təşkil olunmalı, innovasiyalar üzrə əməkdaşlığa şərait yaradılmalıdır.

 

Növbəti üç ildə İSESCO Baş Konfransına Azərbaycan sədrlik edəcək

 

Qeyd edək ki, İSESCO-nun ali orqanı olan Baş Konfransa ev sahibliyi edən ölkə növbəti müddətə bu quruma sədrliyi həyata keçirir. Qarşıdakı üç ildə Azərbaycan İSESCO Baş Konfransına sədrlik edəcək. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qurumun Bakıda keçirilən iclasında sədr seçildi. İSESCO Baş Konfransının Azərbaycandan əvvəlki sədri Səudiyyə Ərəbistanı olub. Bu ölkənin təhsil nazirinin müavini Məhəmməd bin Abdulləziz əl-Buhali sədrliyi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təhvil verdi.

Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Baş Konfransın 12-ci sessiyası davam etdi. Nazir Azərbaycanın İSESCO-nun mühüm layihələrində iştirak etdiyinə görə qürur hissi keçirdiyini vurğuladı.

 

Əbdüləziz Osman

əl-Tüveycri yenidən

İSESCO-nun baş

direktoru seçildi

 

Gündəlikdə olan ilk məsələlərdən biri İSESCO-nun növbəti müddət üçün baş direktorunun seçilməsi idi. Üzv ölkələrin yekdil qərarı ilə Əbdüləziz Osman əl-Tüveycri yenidən bu vəzifəyə seçildi.

Əbülfəs Qarayev əmin olduğunu bildirdi ki, Əbdüləziz Osman əl-Tüveycrinin biliyi və təcrübəsi dünyanın sülhsevər proseslərinə, islam dininin imicinin daha da yaxşılaşmasına bundan sonra da kömək edəcək.

Əbdüləziz Osman əl-Tüveycri isə öz növbəsində çıxış edərək dedi ki, yenidən baş direktor seçilməsi böyük məsuliyyətdir: “Bu işi davam etdirmək mənim üçün böyük qürurdur. Bununla da sizin mənə olan inamınızı sarsıtmamağa çalışacağam. Sözsüz ki, hədəflərə, məqsədə nail olmaq üçün müəyyən problemlərə rast gəlirik”.

İSESCO-nun baş direktoru bundan sonra da islam ümmətinə xidmətini uğurlu şəkildə davam etdirəcəyini bildirərək bütün islam dövlətlərini həmrəyliyə səslədi.

Elm və təhsilin inkişafı,

yeni texnologiyaların

tətbiqi prioritet vəzifədir

 

Sonra nümayəndə heyəti rəhbərlərinin çıxışları dinlənildi. Əfqanıstan, Qətər, İran, Bəhreyn, Tunis və digər dövlətlərin nümayəndələri islam dövlətlərində təhsilin tam bərqərar edilməsi üçün bütün səylərin göstərilməsinin vacibliyini vurğuladılar. Müsəlman dövlətlərinin torpaqlarının işğal edilməsinə qarşı birlikdə mübarizə aparılmasının zəruriliyi diqqətə çatdırıldı.

Əfqanıstan nümayəndəsi ölkəsində son dövrdə dini tədris sahəsində əhəmiyyətli nailiyyətlərin əldə edildiyini bildirdi. Xüsusən qız uşaqlarının təhsili problemlərindən danışan nümayəndə BƏƏ, Qətər və digər qardaş ölkələrə Əfqanıstanın təhsil sisteminə göstərdiyi yardıma görə təşəkkürünü bildirdi.

Qətər Dövlətinin nümayəndəsi qeyd etdi ki, bu gün islam dünyası böyük çağırışlarla üzləşib: “Dünyada sivilizasiyaların toqquşmasının şahidi oluruq. Müxtəlif regionlarda müsəlmanların zorakılığa, terrora məruz qalmasını görürük. Son günlərdə Parisdə törədilən terror aktlarından sonra islam dövlətləri qarşısında yeni çağırışlar ortaya çıxıb. Biz bütün əlaqələri genişləndirib maarifləndirmə işləri aparmalıyıq. İSESCO-ya üzv dövlətlər olaraq üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirməliyik”.

İştirakçılar çıxışları zamanı onu da vurğuladılar ki, İSESCO islam dünyasında unikal və ixtisaslaşmış yeganə təşkilatdır və islam dövlətlərində elm, təhsil, mədəniyyət sahəsində yüksək inkişafı hər zaman qarşıya məqsəd kimi qoyur. Müsəlman ölkələrində yeni texnologiyalar tətbiq edilməlidir. Son illərdə təşkilat bu sahədə mühüm işlər görür.

Həmçinin təəssüflə bildirildi ki, son dövrdə müsəlman ölkələri arasında da toqquşmalar müşahidə edilir. Buna görə də təşkilat inteqrasiyaya diqqət ayırmalı, ekstremist dairələrə qarşı birlikdə mübarizə aparmalı, islam dövlətlərində qarşıdurmalara biganə qalmamalıdır. Bütün üzv dövlətlərin əsas məqsədi islamofobiyanın aradan qaldırılmasına yönəldilməlidir.

İclasda təkliflər də eşidildi. Təkliflərdən biri İSESCO-nun regional nümayəndəliklərinin yaradılması ilə bağlı idi. Terrorizmlə mübarizə, islam dövlətləri torpaqlarının işğalına son qoyulması, təhsilin səviyyəsinin yüksəldilməsi ilə bağlı fikirlər səsləndirildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 4.