Hərb tariximizin iftixarı

 

Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş tədbir

 

Oktyabrın 10-da Azərbaycan İstiqlal Muzeyi Milli Qvardiya ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun (1855-1931) anadan olmasının 160 illiyinə həsr olunmuş tədbir keçirib. Tədbir Səməd bəy Mehmandarovun 160 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2015-ci il tarixli sərəncamına əsasən təşkil olunub.

Əvvəlcə generalın həyat və fəaliyyəti haqqında AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov tərəfindən hazırlanmış film nümayiş olunub. Sonra filmin müəllifi Mahir Qəribov, Səməd bəy Mehmandarovun yaxın qohumu Əfrasiyab Talışinski çıxış ediblər.

Qeyd olunub ki, general S.Mehmandarovun yubileyi ilə bağlı ölkə başçısının sərəncamı hərb tariximizə diqqətin, hərb xadimlərimizə verilən qiymətin göstəricisidir.

Generalın şərəfli həyat yolundan söhbət açılıb. Vurğulanıb ki, rus-yapon müharibəsində (1904-1905) böyük rəşadət göstərən S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilib. 1915-ci ildə korpus komandiri təyin olunan general Rusiyanın bir çox hərbi medalları ilə, eləcə də İngiltərə, Fransa və Rumıniyanın hərbi ordenləri ilə təltif edilib.

General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətində hərbi nazir kimi qısa müddətdə nizami ordu yaratmağa nail olub. O, sovet dövründə də hərbi quruculuqda iştirak edib. 1928-ci ildə təqaüdə çıxıb. 1931-ci il fevralın 12-də Bakıda vəfat edib.

Tədbirdə Təhsil Alan Gənclərin Respublika Yaradıcılıq Evinin nümayəndələri tərəfindən hazırlanmış kompozisiya nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 6.