Cazmen Elçin Şirinov Vyanada konsert proqramı ilə çıxış edib

 

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Vyanada Porgy & Bess klubunda tanınmış cazmen, pianoçu Elçin Şirinovun rəhbərlik etdiyi Azərbaycan-Britaniya-İtaliya caz triosu konsert proqramı ilə çıxış edib.

Vyananın ən tanınmış caz məkanı sayılan Porgy&Bess klubunda toplaşan musiqisevərlərə Elçin Şirinov Triounun ifasında Azərbaycan milli musiqisi və bəstəkarlarının əsərlərinin Qərb caz sənətinin incə və ritmik çalarları ilə ahəngli sintezindən ibarət konsert təqdim olunub. Elçin Şirinovun aranjimanında görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin O olmasın, bu olsun operettasından Deyirlər ki, toy olacaq mahnısı və Qara Qarayevin Yeddi gözəl baletindən vals, Sarı gəlin xalq mahnısı, eləcə də onun öz bəstələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Onunla uzun illərdən bəri birgə çalışan Andrea Di Biase (bass) və Deyv Hamblett (zərb alətləri) də konsertdə öz yüksək məharətlərini nümayiş etdiriblər.

 

Mədəniyyət.- 2015.- 16 oktyabr.- S. 8.