Caz festivalının konsert proqramları davam edir

 

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə oktyabrın 25-də başlanan ənənəvi Bakı Beynəlxalq Caz Festivalı rəngarəng konsert proqramları ilə davam edir.

Oktyabrın 27-də Amerikanın məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Sarayında çıxış edib. Konsert musiqi kollektivinin 25 illiyinə həsr edilib. 1990-cı ildə yaradılmış qrup bir neçə nominasiyada “Grammy Awards” mükafatına layiq görülüb.

Oktyabrın 28-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Əməkdar incəsənət xadimi, pianoçu Cəmil Əmirovun rəhbərlik etdiyi “Savab” qrupunun konserti olub.

Konsertdə müxtəlif caz kompozisiyaları səsləndirilib. Musiqiçilərin çıxışları tamaşaçıların böyük marağına səbəb olub.

Azərbaycan cazının tanınmış nümayəndələrindən olan Cəmil Əmirov görkəmli bəstəkar Fikrət Əmirovun oğludur. Musiqiçi çoxsaylı beynəlxalq festivalların iştirakçısıdır. Onun 2003-cü ildə yaratdığı “Savab” qrupu dünyanın müxtəlif ölkələrində konsert proqramı ilə çıxış edib.

Festival çərçivəsində daha bir konsert oktyabrın 30-da Heydər Əliyev Sarayında olacaq. Sarayın səhnəsində 1960-cı illərin ulduzu, saksofon ifaçısı Çarlz Lloyd çıxış edəcək.

Oktyabrın 31-də isə Azərbaycan Dövlət Filarmoniyasında Emil Əfrasiyab öz qrupu ilə çıxış edəcək.

Növbəti günlərdə Beynəlxalq Muğam Mərkəzində azərbaycanlı cazmen Elçin Şirinov, R.Behbudov adına Mahnı Teatrında teatrın estrada simfonik orkestri maraqlı konsert proqramları təqdim edəcəklər.

Festival noyabrın 3-də Azərbaycan Dövlət Filarmoniyasında Kamerun əsilli Niderland musiqiçisi Ntjam Rosienin konserti ilə başa çatacaq.

 

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 3.