Sənətin ecazı və simvollar

 

Vahidin Bakıdakı abidəsi bizə nə deyir?

 

Təsviri incəsənətin bir növü olan heykəltəraşlığın Şərqdə ən geniş yayıldığı ölkələrdən biri də Azərbaycandır. Paytaxt Bakı heykəllərin sayı və rəngarəngliyi baxımından dünyanın istənilən şəhəri ilə yarışa bilər. Tanınmış elm və mədəniyyət xadimlərinin, şair və yazıçıların, tarixi şəxsiyyətlərin heykəllərinin üstünlük təşkil etdiyi şəhərdə ideya-estetik baxımdan diqqətləri özünə cəlb edən maraqlı nümunələr çoxdur.

 

Bakının özünəməxsus sənət cazibəsində görkəmli qəzəlxan şair Əlağa Vahidə ucaldılan abidə xüsusilə seçilir. Yəqin ki, onu görən bir çoxlarımız əsərdəki məna-mahiyyətin nədən ibarət olduğunu dəqiq müəyyənləşdirməkdə çətinlik çəkir. Odur ki, bu xüsusda bəzi məqamları diqqətə çatdırmaq istərdik.

1990-cı ildə sürrealistik üslubda yaradılmış əsər öz təsvirləri ilə hər kəsdə maraq doğurur. Leninqradda (indiki Sankt-Peterburq) hazırlanan heykəlin hündürlüyü 5 metr nəzərdə tutulsa da, sonradan maliyyə çatışmazlığından 3 metr olub. Abidə quruluş etibarilə şairin başının təsvirindən ibarət olsa da, əslində, çoxsüjetli heykəltəraşlıq nümunəsidir.

Müəllif, heykəltəraş Rahib Həsənov əsər barədə deyir: “1989-cu ildə arxitektorlar Sənan Salamzadə və Cahangir Məmmədov Vahidin heykəlini hazırlamağı mənə tapşırdılar. Bir neçə gün düşündükdən sonra heykəlin maketini plastilindən düzəltdim. Heykəlin görünüşünə nəzər salanda ayrı-ayrılıqda müxtəlif epizodlar görürük. Burada Vahidin toy məclisi təsvir olunub. O öz toyunda iştirak edir. Başının sol tərəfində qulağı bərabərində muğam üçlüyüdür. Bu, milli musiqiyə, muğam və qəzəlin ayrılmazlığına işarədir. Bir tərəfdə isə Vahidin dəfn mərasimidir. Çadralı qadınlar ağlaşır. Başın arxa hissəsində Vahidin dostları, həmkarları yığışıb şeir deyir, qəzəl oxuyurlar. Əlağa Vahid, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Azər Buzovnalı, Səttar Bəhlulzadə də masanın ətrafındadırlar. Vahid Füzuli vurğunu olduğu üçün məclisin təsvir olunduğu başın alt hissəsindəki obraz buna işarədir. Bütün insanlar - dahilər də, adilər də torpaqdan yaranıb və torpağa da qayıdacaq. Heykəldə Vahidin başı kök atıb inkişaf edir, bir ağac kimi böyüyür. Dünya dağılır, dəyişir, zəlzələlər olur, amma yer, torpaq əbədi olaraq qalır. Bu ağaclar da onun üzərində inkişaf edib böyüyür. Bax budur Vahidin sirri. Bir qəzəlxan şairin həyat fəlsəfəsi”.

Bəli, sənətin qüdrəti, ecazkarlığı ondadır ki, sənətkar müxtəlif simvollarla, işarələrlə nəinki bir şəxsiyyəti, hətta böyük bir dövrü, tarixi mərhələni canlandırır, fəlsəfəsini açmağa nail olur...

 

Hazırladı: Lalə Hüseyn

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 13.