İsveçrədə Azərbaycan mədəniyyətinin təqdimatı

 

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilati dəstəyi ilə bu ölkənin Bül (Bulle) şəhərində Qlion Ali Təhsil İnstitutunda təhsil alan tələbələrimiz ənənəvi keçirilən “Mədəniyyət yarmarkası”nda iştirak ediblər.

Səfirlikdən verilən məlumata görə, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirak etdiyi yarmarkada 7 ölkənin, o cümlədən Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.

Təqdimatda milli musiqi xəzinəmizdən nümunələr səsləndirilib, rəqslərimiz nümayiş olunub, Azərbaycanın turizm imkanları, adət-ənənələrimiz barədə qonaqlara ətraflı məlumat verilib. İştirakçılar milli mətbəximizlə də tanış olublar. “Mədəniyyət yarmarkası”na gələnlər Azərbaycana aid stenddə nümayiş olunan eksponatlara və məlumatlara böyük maraq göstəriblər.

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 12.