Yeni söz karvanı” Lerikdən keçdi

 

Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi çərçivəsində poeziya gecəsi

 

Lerik səfalı təbiəti - sıx meşələri, uca dağları, buz bulaqları və ən əsası, uzunömürlü insanları ilə təkcə ölkəmizdə deyil, onun sərhədlərindən kənarda da yaxşı tanınır. Azərbaycanın bu diyarı zəngin mədəniyyəti, folkloru, adət-ənənəsi və mətbəx nümunələrinin müxtəlifliyi ilə də seçilir. Bölgənin insanları ədəbiyyata, musiqiyə böyük maraq göstərirlər. Müxtəlif vaxtlarda tanınmış şair və yazıçılarımız da Lerikin təbiətindən ilham alaraq, onun gözəlliklərini poetik misralara çeviriblər.

 

Milli ədəbi irsimizin təbliği, bölgələrdə şeirə, sənətə marağın daha da artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi müxtəlif layihələr, tədbirlər keçirir.

Belə tədbirlərdən biri avqustun 28-də nazirliyinYeni söz karvanı” layihəsi çərçivəsində Lerik rayonunda gerçəkləşdi.

Tədbiri rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açaraq qonaqları salamladı, tanınmış şair və yazıçıların ölkəmizin müxtəlif şəhər və rayonlarında keçirdikləri görüşlərin bu dəfə Lerikdə təşkil edilməsindən məmnun olduqlarını bildirdi.

Sonra söz gecənin aparıcısı, Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğluna verildi. O qeyd etdi ki, tədbirin keçirilməsində əsas məqsəd tanınmış simalarla görüşlərin təşkili ilə yanaşı, bölgələrdə yaradıcı insanların bədii zövqünün inkişaf etdirilməsi, yeni ədəbi nümunələrlə tanışlıqdır.

 

Mədəniyyətimiz tarixin dərin qatlarından qidalanaraq inkişaf edir

 

Çingiz Əlioğlu Lerik rayonunun Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olan bölgələrindən biri olduğunu vurğuladı: “Hələ XIX əsrdə fransız Morqan qardaşları da bu məkanda böyük arxeoloji qazıntılar aparıblar. Arxeoloji araşdırmalar bu gündavam edir. Bu ondan xəbər verir ki, xalqımızın tarixi bəşəriyyətin tarixinin ən ilkin dövrlərinə, sivilizasiyanın yarandığı zamana gedib çıxır. Bugünkü mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz də tarixin həmin dərin qatlarından qidalanaraq inkişaf edir”.

Bu gün ölkəmizin digər rayonları kimi Lerikin də simasının dəyişdiyini, müasir infrastrukturun yaradıldığını vurğulayan şair şeirlərindən nümunələr söylədi.

Tənqidçi-şair Əsəd Cahangir Lerikin Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilməsindən söz açdı. Azərbaycan ədəbiyyatının inkişafı, ədəbi proseslər haqqında ətraflı məlumat verdi: “Azərbaycan ədəbiyyatı ölkəmizdə yaşayan bütün xalqların ədəbiyyatıdır, ümumi mənəvi mirasdır. Bura klassik divan ədəbiyyatından müasir dövrədək, eləcə də aşıq Qurbani ilə başlayan və aşıq Ələsgərdə öz zirvəsinə çatan aşıq ədəbiyyatımızın nümayəndələri daxildir. Azərbaycan xalqı Şərqdə bir çox ilklərə imza atıb. Müasir dövrdə də Azərbaycan ədəbiyyatı inkişaf edir, yazıçı və şairlərimizin əsərləri bir çox dillərə tərcümə olunaraq dünyanın müxtəlif ölkələrində yayılır”.

Şairlər Əhməd Qəşəmoğlu, Yusif Nəğməkar çağdaş Azərbaycan ədəbiyyatının inkişaf tendensiyaları, ölkəmizdə gedən iqtisadi-mədəni inkişaf haqqında fikirlərini bölüşdülər, şeirlərindən nümunələr səsləndirdilər. Bildirdilər ki, bu gün Azərbaycan özünün tolerantlıq modeli ilə dünyada tanınmaqdadır. Ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri də dövlətimiz tərəfindən qayğı ilə əhatə olunub, multikulturalizm, qarşılıqlı hörmət və anlaşma şəraitində, dost və qardaşcasına yaşamaqdadırlar.

 

Yeni söz karvanı” ədəbiyyata marağı təmin etmək məqsədi daşıyır

 

Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin baş məsləhətçisi Elbəy Əli çıxış edərək bildirdi ki, dövlət başçısının tapşırığına əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bölgələrdə vətəndaşlarla keçirdiyi görüşlərdə insanlar tərəfindən müasir yazıçı-şairlərin iştirakı ilə görüşlərin keçirilməsi barədə müraciətlər edilib. Bu müraciətlər nəzərə alınaraq regionlarda yaşayan vətəndaşların mənəvi tələbatını, ədəbiyyata, poeziyaya marağını təmin etmək məqsədilə “Yeni söz karvanı” layihəsi çərçivəsində görüşlərin təşkili planlaşdırılıb.

Qeyd olundu ki, 2008-ci ildən başlayaraq hər il ölkəmizin müxtəlif şəhər və rayonlarında tanınmış şair və yazıçıların, muğam ifaçılarının iştirakı ilə keçirilən bu səpkidə tədbirlər insanların geniş rəğbətini qazanıb. Lerik rayonunda belə bir görüşün təşkilinin əsas səbəbi bölgə əhalisinin sözə-sənətə yüksək qiymət verməsidir. Bildirildi ki, nazirliyin dəstəyi ilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə əldə olunan uğurlardan danışdı, xalqımızın tarixi, adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açdı. İcra başçısı ötən il ilk dəfə olaraq Lerik rayonunda “Uzunömürlülərin yaradıcılığı” və “Plov” festivallarının keçirilməsini mədəniyyətimizin inkişafına, adət-ənənələrimizin təbliği və qorunmasına göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğuladı.

Sonra söz şeirə və musiqiyə verildi. Şair Çingiz Əlioğlu şeirlərindən nümunələr səsləndirdi. Əsəd Cahangir, Əhməd Qəşəmoğlu, Yusif Nəğməkar şeirlərini oxudular. Poetik nümunələr tədbir iştirakçılarına xoş əhval-ruhiyyə, duyğusal anlar yaşatdı.

Şeir nümunələrini muğam müsabiqəsinin iştirakçıları olan gənc ifaçılar Sədəf Budaqova və Sərxan Bünyadzadə, tarda Orxan Abdullayev, kamançada Hikmət Abdullayevin bir-birindən maraqlı ifaları əvəz edirdi. Tədbir muğam ifaçılarının musiqi xəzinəmizdən ifa etdikləri dəyərli muğamlarxalq mahnıları ilə yekunlaşdı.

 

Uzunömürlülər Muzeyində

 

Tədbirdən sonra qonaqlar Lerik rayonunun mərkəzində yerləşən Uzunömürlülər Muzeyində oldular. Məlumat verildi ki, 1991-ci ildən fəaliyyət göstərən muzeyin yeni binası 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Mindən çox eksponatın qorunduğu məkan dünyada yeganə belə muzeydir. Muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 134 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva və başqaları haqqında stendlər yaradılıb. Etnoqrafik materiallar - şəxsi əşyalar, geyimlər, onlara yazılan məktublar, uzunömürlülüklə bağlı qəzet və jurnal materialları muzeydə qorunub saxlanılır. Muzeyin direktoru Dilarə Fətullayevanın sözlərinə görə, buraya müxtəlif bölgələrimizlə yanaşı, İordaniyadan, Belçika, İsrail, Türkiyə, Almaniya, Rusiya, Ukraynas. ölkələrdən də qonaqlar gəlir.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 7.