Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində gənc yazarlarla görüş

 

Sentyabrın 2-də Azərbaycan Yaradıcılıq Fondunun təşkilatçılığı ilə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində gənc yazarlarla görüş keçirilib.

Mərkəzin müdiri Əhməd Sami əl-Aydi qonaqlara qurumun yaranma tarixindən, fəaliyyətindən, ölkəmizdəki müxtəlif təşkilatlarla əməkdaşlığından, Azərbaycan və Misir arasında olan mədəni əlaqələrin genişlənməsində rolundan, mütəmadi olaraq mədəni tədbirlərdə iştirakından, Misirin aparıcı ali məktəblərindən olan Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədrisindən söhbət açıb.

Öz növbəsində Azərbaycan Yaradıcılıq Fondunun Aparat rəhbəri Qismət Rüstəmov dəvətə və gənc yazarlara göstərilən diqqətə görə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdirinə təşəkkürünü bildirib.

Söhbət zamanı Misirin və Azərbaycanın gənc müəlliflərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi, Misir yazarlarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunması, sərgilərin keçirilməsi və digər təkliflər müzakirə olunub.

Görüşdə gənc yazarlardan Qan Turalı, Ömər Xəyyam, Səhər Əhməd, Fuad Cəfərov, Mirmehdi Ağaoğlu, Mahmud Ağakişiyev iştirak ediblər.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 10.