Region kitabxanalarında informasiya texnologiyalarının təkmilləşdirilməsi

 

Milli Kitabxanada keçirilən treninqin iştirakçılarına sertifikatlar təqdim olunub

 

Xəbər verdiyimiz kimi, regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 10 günlük treninqlər təşkil edilir.

22 avqust - 2 sentyabr tarixlərində Milli Kitabxananın Treninq mərkəzində keçirilən “Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin növbəti iştirakçılarına sertifikatlar təqdim olunub.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov, kitabxananın əməkdaşları, “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi” proqramını hazırlayan “Ultra” şirkətinin mütəxəssisi, Şabran, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Balakən, Lənkəran rayon, Bakı şəhər Səbail, Nizami və Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak ediblər.

Treninq çərçivəsində iştirakçılar Milli Kitabxanada tətbiq olunan yeni üsulları, yeni xidmət növləri ilə əyani tanış olublar.

 

Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 6.