"Teatr tətili" yay məktəbindən mükafatla

 

Gənc Tamaşaçılar Teatrının aktyoru iki nominasiyada təltif olunub

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyev 18-23 avqust tarixində Türkiyənin Bursa şəhərinin Mudanya bölgəsində "Teatr tətili" yay məktəbində iştirak edib. Bu il yaradılan və Türkiyənin müxtəlif şəhərlərindən teatr mütəxəssislərinin iştirak etdiyi məktəbdə N.Vəliyev ustad dərsləri də keçib.

2014-2015-ci illər teatr mövsümü ərzində İstanbulda nümayiş etdirilən tamaşaların yozumuaktyor oyununu qiymətləndirən Türkiyənin "XV Dirəklərarası Seyrçi Ödülləri" qurumunun qərarı ilə azərbaycanlı aktyor iki nominasiya üzrə mükafatlandırılıb.

"Ən yaxşı rejissor işi" nominasiyası üzrə mükafata aktyorun ötən mövsüm Antalya Böyükşəhər Bələdiyyə Teatrında Pərvin Ünalpın "Gec qalanlar" əsəri əsasında hazırladığı eyniadlı tamaşa layiq görülüb. "Türkiyə xaricində mükafata layiq görülən teatrlar" nominasiyasında mükafata isə bu ilin may ayında Dənizli şəhərində keçirilmiş beynəlxalq teatr festivalında nümayiş etdirilən "Qaçaq qocalar" tamaşası layiq görülüb. Tamaşa ötən mövsüm Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən "Rejissorluq emalatxanası"nda Nofəl Vəliyev tərəfindən hazırlanıb.

 

Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 5.