Bakıda IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

 

Bəşəriyyətin ən böyük kəşflərindən olan kitab əsrlərdir elm və mədəniyyət carçısı rolunu oynamaqdadır. Son illər elmi-texniki tərəqqinin nailiyyəti olan elektron informasiya daşıyıcıları geniş yayılsa da, ənənəvi kitablar öz əhəmiyyətini itirməyib. Əksinə, yeni texnologiyaların sayəsində nəşriyyat işində xeyli uğurlar əldə olunub. Bu gün kitab həm də güclü təbliğat vasitəsidir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə müxtəlif dillərdə kitablar nəşr olunur, respublikamız xaricdə keçirilən kitab sərgilərində təmsil olunur.

2009-cu ildən Azərbaycan paytaxtı da beynəlxalq kitab sərgi-yarmarkasına ev sahibliyi edir. İki ildən bir təşkil edilən tədbir respublikamızda nəşriyyat-poliqrafiya sahəsinin inkişafına, bu sahədə beynəlxalq əlaqələrin qurulmasına xidmət etməklə yanaşı, eyni zamanda kitab sənətimizin, mədəniyyətimizin və ümumilikdə ölkəmizin təbliğinə töhfə verir.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 16-dan 18-dək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkada Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, BosniyaHerseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri iştirak edəcək. Ölkəmizdə kitab işinə töhfə verən, tariximizi, mədəniyyətimizi, bölgələrimizin mədəni zənginliyini təbliğ edən 100-dən artıq yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar tədbirdə iştirak üçün qeydiyyatdan keçiblər. Xarici ölkə təmsilçilərinin də sərgi-yarmarkaya marağı artmaqdadır.

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ziyarətçilərə müxtəlif məzmunlu nəşrlər, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən elmi, texniki, tibbibaşqa sahələrədək geniş çeşiddə kitablar təqdim olunacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 4 avqust.- S. 3.