Milli düşüncəmizin carçısı

 

Ötən əsrin əvvəlində xalqımızın istiqlal uğrunda mübarizəsində ön sıralarda olan, bu yolda fədakarlıq edən ziyalılarımızdan biri də tanınmış jurnalist, şair və yazıçı Mirzə Bala Məmmədzadə olub. O, düşdüyü mübarizə yolunda sonadək əzmini itirməyib, doğma yurduna həsrət qalsa da, vətəndən uzaqlarda milli düşüncə naminə yazıb-yaradıb.

 

Mirzə Bala Məmmədzadə 1898-ci il avqustun 13-də Bakının Zirə kəndində balıqçı ailəsində dünyaya göz açıb. Ailəsi sonradan şəhərin Çəmbərəkənd adlanan məhəlləsində məskunlaşır. 1907-1911-ci illərdə rus-tatar məktəbində oxuyur, sonra görkəmli maarifçi Həbib bəy Mahmudbəyovun açdığı məktəbdə təhsilini davam etdirir. Burada ərəb və fars dillərini mükəmməl öyrənir. İti zəkası, aydın nitqi və gözəl davranışı ilə tay-tuşlarından seçilir, erkən çağlardan bədii yaradıcılığa meyl edir. Müntəzəm olaraq mətbuatda publisistik yazıları və şeirləri dərc olunur.

1914-cü ildə Bakı Politexnik Texnikumunun inşaat memarlıq şöbəsinə qəbul edilir. Həmin il atası dünyasını dəyişir. Ailəyə kömək məqsədilə hər cür çətinliyə qatlaşır. Anasının bişirdiyi şirniyyatı küçədə satmalı olur. Bütün bunlarla yanaşı, şəhərdə müxtəlif ictimai-mədəni təşkilatların keçirdiyi toplantılarda fəal iştirak edir. Həmin toplantıların birində görkəmli dramaturq Cəfər Cabbarlı ilə tanış olur. Bu tanışlıq sonradan möhkəm əqidə və məslək dostluğuna çevrilir...

Sonra Məhəmməd Əmin Rəsulzadənin 1915-ci ildən nəşrinə başladığı “Açıq söz” qəzetindən əməkdaşlıq təklifi alır. I Dünya müharibəsi illərində M.B.Məmmədzadə və C.Cabbarlı “Məhəmmədiyyə” adlı təşkilata üzv olurlar. Bu təşkilatın başlıca vəzifəsi milli, dini bayramların, mərasimlərin təşkilində fəal iştirak etmək və orada şeirmusuqi məclisləri, göstərdikləri tamaşalarla milli şüuru oyandırmaq idi.

1914-1920-ci illərdə “Bəsirət” qəzetində publisist yazılarla müntəzəm çıxış edən Mirzə Bala müsəlman dinində məzhəb qarşıdurması yaratmaq istəyənləri tənqid atəşinə tutur. C.Cabbarlı ilə birlikdə “İttifaqi-mütəllimin” və “Qafqaz Tələbələrinin Mərkəzi Komitəsi” təşkilatlarının qurulmasında və təşkilatın idarə olunmasında fəal iştirak edirlər. O, təşkilatların “Gənclər sədası” qəzetinin redaktoru olur. 1918-ci ilin əvvəlində Tiflisə gedir. İyul ayından əvvəl həftəlik, sonra isə ayda iki dəfə işıq üzü görən “Gənclər yurdu” jurnalını nəşr etdirir. “Müsavat” partiyasının nəzdindəki gənclər cəmiyyətinin orqanı olan jurnalın 35 nömrəsi çap olunur və 1918-ci ildə fəaliyyətini dayandırır. O, Tiflisdə yaşayarkən “İki inqilab arasında” kitabını nəşr etdirir.

1918-ci ilin 7 dekabrında Azərbaycan parlamentinin açılışından sonra C.Cabbarlı ilə birlikdə burada stenoqrafçı kimi fəaliyyət göstərir. İctimai-siyasi həyatda fəal iştirak etməklə yanaşı, dövri mətbuatda məqalələrlə çıxışlar edir. “Bakı uğrunda mübarizə” pyesi Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulur.

Mirzə Bala Məmmədzadənin ən keşməkeşli həyatı isə 1920-ci il 28 aprel işğalından sonra başlayır. Əvvəlcə Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçilik, Bakının müxtəlif məktəblərində müəllimlik edir. Rəsmi mətbuatla da əlaqəsini kəsmir. “Yeni yıldız” jurnalında Azərbaycan tarixinə dair silsilə məqalələrini dərc etdirir. 1922-ci ildə “Azərbaycan türk mətbuatı” kitabı işıq üzü görür.

Bu arada bolşeviklər milli düşüncə tərəfdarlarının izinə düşür, şübhələndikləri hər kəsi həbs edirlər. 1923-cü ildə “İstiqlal” qəzetinin mətbəə işçiləri və redaksiya heyəti də saxlanılır. Vəziyyəti belə görən Mirzə Bala 1924-cü ilin mayında Cənubi Azərbaycanın Ənzəli şəhərinə gedir. Sovet kəşfiyyatı onu təqib edir. Bundan xəbər tutan Mirzə Bala bir müddət Tehran, Təbriz və Sulduz şəhərlərində gizli fəaliyyət göstərir. Kəskin məqalələrlə “Yeni Qafqasiya” jurnalında çıxış edir.

1927-ci ildə o, İranı tərk edərək İstanbula gedir. Burada M.Ə.Rəsulzadənin yaxın silahdaşına çevrilərək “Azəri-türk”, “Odlu yurd”, “Azərbaycan yurd bilgisi” jurnallarında sovet siyasətini tənqid edən məqalələr dərc etdirir. İstanbul Universitetinin hüquq fakültəsinə daxil olur, eyni zamanda Azərbaycan mühacirlərinin nəşriyyat işinə rəhbərlik edir. M.Ə.Rəsulzadənin 1930-cu il avqustun 7-də nəşr etdirdiyi həftəlik “Bildiriş” qəzetində çıxış edir. Bir müddət sonra M.Ə.Rəsulzadə Türkiyəni tərk etməli olur, buna görə də qəzetin redaktorluğu ona həvalə olunur. Lakin onun redaktorluğu da uzun sürmür. Qəzet bağlanır və o da ölkədən çıxarılır...

Uzun müddət Avropanın bir neçə ölkəsində mühacirətdə olur. Qəzet və jurnallara məqalələr yazmaqla yanaşı, “Milli Azərbaycan hərəkatı, Milli Azərbaycan Müsavat Xalq Firqəsinin tarixi” adlı əsərini yazır. Əsər 1938-ci ildə Berlində “Qurtuluş” jurnalının mətbəəsində çap olur. II Dünya müharibəsi başlananda o, Varşavanı tərk edərək İstanbula qayıdır. Burada “Türkislam ensiklopediyası” redaksiyasında işə düzəlir. 1951-ci ildə onun “Azərbaycan tarixində türk Albaniyası” adlı əsəri işıq üzü görür.

1954-cü ildə yenidən Almaniyaya qayıdan M.B.Məmmədzadə 1959-cu ilədək Münxendə ABŞ-ın yaratdığı SSRİ-ni öyrənmə institutunda Qafqaz bölməsinin müdiri vəzifəsində çalışır. Eyni zamanda institut tərəfindən nəşr olunan Azərbaycan dili adlı siyasi jurnalın redaktoru olur. Bu institutda iki il elmi şuranın sədri, iki il də sədr müavini vəzifəsini icra edir. Seminarlar, konfranslar keçirərək kommunist ideologiyasının SSRİ məkanında törətdiyi cinayətlər haqda dünya ictimaiyyətinə məlumat verir.

Ömrü qürbətdə keçsə də, milli təfəkkürün inkişaf etdirilməsi yolunda mübarizədən bir an ayrılmayan Mirzə Bala Məmmədzadə 1959-cu il martın 8-də İstanbulda dünyasını dəyişib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 9 sentyabr.- S. 15.