Milli Dram Teatrının kollektivi Siyavuş Aslanın məzarını ziyarət edib

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi tanınmış teatrkino aktyoru, Xalq artisti, “Şərəf” ordenli Siyavuş Aslanın anadan olmasının 80-ci ildönümü münasibətilə sentyabrın 5-də Fəxri xiyabana gələrək sənətkarın xatirəsini ehtiramla yad edib. Sənətkarın məzarı önünə əklil və gül dəstələri qoyulub.

Teatrın bədii rəhbəri Azərpaşa Nemətov çıxış edərək Siyavuş Aslanın yaradıcılığı haqqında danışıb, görkəmli aktyorun Azərbaycan teatrkino sənətində əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, daha sonra Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nurinin, milli rejissor sənətinin görkəmli nümayəndələri, xalq artistləri Adil İsgəndərov və Tofiq Kazımovun məzarları ziyarət olunub. Onların teatr sənətimizdə xidmətlərindən söz açılıb. Qeyd edilib ki, görkəmli sənətkarların xatirəsi daim ehtiramla yad ediləcək və teatrsevərlərin ürəyində yaşayacaq.

 

Mədəniyyət.- 2015.- 9 sentyabr.- S. 10.