Turizmin inkişaf perspektivləri və mövcud problemlər müzakirə olundu

 

Sentyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Assosiasiyasında (AZTA) ölkəmizdə turizmin inkişafı, qarşıda duran vəzifələr və mövcud problemlərin aradan qaldırılması məqsədilə görüş keçirildi. Görüşdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və nazirliyin aidiyyəti üzrə əməkdaşları, AZTA-ya üzv olan turizm şirkətlərinin və mehmanxanaların nümayəndələri iştirak edirdi.

 

Tədbirdə I Avropa Oyunlarının turizm sənayesinə töhfələri, manatın devalvasiyasının turizm sənayesinə təsiri, beynəlxalq əlaqələr və təbliğat, ölkədən getmə, ölkəyə gəlmə və daxili turizmin inkişaf perspektivləri müzakirə olundu.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən layihələrdən və prioritet istiqamətlərdən danışdı. Bildirdi ki, son illər bu sahədə xeyli işlər görülübturizm sektoruna dövlətin dəstəyi davam etməkdədir. Yeni turizm kompleksləri və hotellər tikilir, yeni marşrutlar yaradılır: “Bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində də işlər davam etdirilir. Elektron vizaların verilməsi istiqamətində müsbətə doğru addımlar atıldı. Turizm sahəsinin inkişaf etməsi ilə yanaşı, bu sahədə müxtəlif çətinliklər də ortaya çıxır. Onların aradan qaldırılması üçün nazirlik olaraq hər zaman öz dəstəyimizi verməyə hazırıq”.

Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov cari ilin ötən dövrü ərzində bu sahədə görülən işlərdən və turizm şirkətlərinin qarşılaşdığı problemlərdən söz açdı. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün AZTA-nın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı daha da gücləndirməsinin vacibliyi vurğulandı.

AZTA-nın xaricə göndərmə komitəsinin sədri Ayxan Əlləzli ölkədən gedən turistlərin bir sıra hallarda çətinliklərlə üzləşdiyini bildirdi, bu məsələlərin ayrı-ayrı şirkətlərin fəaliyyətindən qaynaqlandığını dedi. Qeyd olundu ki, assosiasiya müvafiq araşdırma apararaq ölkədə xaricə göndərmə ilə bağlı tövsiyə olunan turizm şirkətlərinin siyahısını ictimaiyyətə təqdim edəcək.

AZTA-nın gəlmə turizm komitəsinin sədri Murad Kərəmov ölkəmizə səfər edən turistlərə vizaların verilməsi və ekskursiyaların təşkili məsələlərinə toxundu. Bildirdi ki, gələn turistləri qəbul etmək, ölkəmizin təbliği və tanıdılması üçün kifayət qədər peşəkar bələdçilərə ehtiyac var. Bunun üçün ekskursiya bürolarının yaradılması da planlaşdırılır. Həmin bürolarda kurslara cəlb olunan işçilərə təcrübəli mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi nəzərdə tutulur.

Görüşdə turizm şirkətlərinin fəaliyyətində yarana biləcək risklərin aradan qaldırılması üçün turizm fondunun yaradılması da müzakirə olundu. Həmçinin ölkədəki mehmanxanaların fəaliyyəti, onların qarşılaşdığı çətinliklərdən bəhs olundu.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov səsləndirilən problemlərin aradan qaldırılması üçün müvafiq addımların atılacağını vurğuladı.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2015.- 9 sentyabr.- S. 7.