Gəncədə Azərbaycan milli teatrının 143-cü mövsümünə start verildi

 

Sentyabrın 14-də qədim tarix və mədəniyyət mərkəzimiz olan Gəncə şəhərində Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı keçirilib. Teatr tariximizdə zəngin ənənələri ilə seçilən şəhərdə bu münasibətlə əsl incəsənət bayramı təşkil olunub.

 

Mərasimdən öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, tanınmış incəsənət xadimləri, Azərbaycanda fəaliyyət göstərən teatrların rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu öndərin xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.

Sonra mərasim iştirakçıları şəhərdəki tarixi məkanlar - Cavad xan türbəsi, çökək hamam, Şah Abbas məscidi ilə tanış olublar.

Bayram tədbiri Cavad xanın adını daşıyan küçədə davam etdirilib. Gəncə Dövlət Dram Teatrının aktyorları görkəmli Azərbaycan dramaturqlarının əsərlərindən parçalar nümayiş etdiriblər. Tədbir iştirakçıları musiqi sədaları altında küçə boyu nümayiş etdirilən qədim el sənətkarlığı nümunələrinə baxıblar. Məktəblilərin ifasında səslənən şeirlər, mahnılar hərarətlə alqışlanıb.

Məhsəti Gəncəvi Mərkəzinin qarşısında təşkil olunmuş ədəbi-bədii kompozisiya da maraqla qarşılanıb. Burada dünya mədəniyyəti xəzinəsinə əvəzsiz incilər bəxş etmiş Gəncənin şair və yazıçılarının, o cümlədən Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Nigar Rəfibəylinin obrazları canlandırılıb. Xalq artisti Şahnaz Haşımovanın ifa etdiyi mahnılar hamıda xoş ovqat yaradıb.

Tədbir iştirakçıları Məhsəti Gəncəvi Mərkəzinə baş çəkiblər, burada yaradılan şəraitlə tanış olublar, gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxıblar.

Sonra dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli önündə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı maraqlı konsert proqramı ilə çıxış edib.

Yeni teatr mövsümünün başlanması Gəncə Dövlət Kukla Teatrının kollektivi üçün ikiqat bayrama çevrilib. Sentyabrın 14-də teatr binasının əsaslı təmirdən sonra açılışı keçirilib. Aktyorlar binanın qarşısında müxtəlif uşaq tamaşalarından səhnəciklər nümayiş etdiriblər. Tədbir iştirakçıları teatr binasında yaradılan şəraitlə tanış olublar.

Həmin gün axşam Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında 143-cü teatr mövsümünün açılışı münasibətilə mərasim keçirilib. Mərasimi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, gündən-günə inkişaf edən bu qədim şəhərdə görülən işlərdən danışıb. Vurğulanıb ki, şəhərdə aparılan yenidənqurma işləri çərçivəsində maddi-mədəni abidələrə ikinci həyat verilməsi, eləcə də yeni mədəniyyət obyektlərinin yaradılması daim diqqət mərkəzində saxlanılır. Xüsusilə son üç ildə şəhərdə ən müasir mədəniyyət ocaqları istifadəyə verilib ki, bu da mötəbər tədbirlərin keçirilməsinə imkan yaradıb. Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün Gəncədə açılmasını şəhərin mədəni həyatında əlamətdar hadisə adlandıran Elmar Vəliyev bu münasibətlə teatr işçilərini, həmçinin teatrsevərləri təbrik edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək müstəqillik illərində mədəniyyətimizin inkişafı sahəsində qazanılan uğurlardan, ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə göstərdiyi diqqət və qayğıdan danışıb. “Mövcud teatr binalarının təmiri, yenilərinin inşası, teatrların maddi-texniki bazasının gücləndirilməsi onu deməyə əsas verir ki, Azərbaycan teatrının sabahı daha işıqlı olacaq”, - deyə nazir vurğulayıb.

Sonra Gəncə Dövlət Dram Teatrı aktyorlarının təqdimatında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası ilə yeni mövsümə start verilib. Teatrın baş rejissoru İradə Gözəlovanın quruluşu əsasında hazırlanmış tamaşada əsas rolları Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, Ramiz Vəliyev, Faiq Qasımov və başqaları ifa ediblər.

 

Mədəniyyət.- 2015.- 16 sentyabr.- S. 8.