Beynəlxalq Sülh Gününə həsr olunmuş dəyirmi masa

 

Sentyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı ilə 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının institutları, Vəkillər Kollegiyası, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələrinin iştirak etdiyi tədbiri mərkəzin direktoru Asif Usubəliyev açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin strateji istiqamətlərindən biri olan, sülhə və dözümlülüyə dəvət edən multikulturalizm və mədəniyyətlərarası dialoq kimi dəyərlərin beynəlxalq münasibətlər sistemində təbliği barədə söz açan direktor bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görülən işlərdən danışıb.

Tədbir iştirakçıları öz məruzələrində sülhün, hüquq və azadlıqların təmin olunması istiqamətində respublikada görülən işlərdən bəhs ediblər.

Aparılan fikir mübadiləsi zamanı belə bir qənaət bir daha qeyd olunub ki, tolerantmultikultural dəyərlər təkcə dövlət siyasəti deyil, bu eyni zamanda tarixən Azərbaycan xalqına məxsus olan milli keyfiyyətlərdir. Bu dəyər və keyfiyyətlərin qorunmasında isə mədəniyyət işçilərinin mühüm rolu var.

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 6.