ABŞ-da Üzeyir Hacıbəyliyə və Rəşid Behbudova həsr olunmuş markalar

 

Azərbaycan klassik musiqisinin qurucusu, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130, vokal sənətimizin əvəzsiz təmsilçisi Rəşid Behbudovun isə 100 illik yubileyi ilə əlaqədar ABŞ-da xüsusi poçt markaları buraxılıb. Markaların buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

ABŞ-ın Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuşbütün ölkə ərazisində istifadə gücünə malik poçt markalarının üzərində hər iki musiqi xadiminin şəkilləri və "Üzeyir Hacıbəyli (1885-1948): Azərbaycan klassik musiqisinin banisi, 130 il", "Rəşid Behbudov (1915-1989): Əfsanəvi Azərbaycan müğənnisi, 100 il" sözləri yazılıb. Üzeyir Hacıbəyliyə həsr olunmuş markanın üzərində dahi bəstəkarın "Koroğlu" operasından notlar yerləşdirilib.

Qeyd edək ki, bu, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən Üzeyir Hacıbəyli və Rəşid Behbudov irsinin tanıdılması məqsədilə həyata keçirilən silsilə tədbirlərin tərkib hissəsidir. Kaliforniya ştatının Santa-Monika şəhəri bəyannamə qəbul edərək, sentyabrın 18-nin “Üzeyir Hacıbəyli Günükimi qeyd olunacağını təsdiqləyib. Sentyabrın 19-da isə "Arşın mal alan" filminin (1945) Hollivudda premyerası keçiriləcək.

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 2.