Sağlıq turizmində Türkiyə-Azərbaycan əməkdaşlığı

 

Sentyabrın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində keçirilən XXI Azərbaycan Beynəlxalq Səhiyyə (“BIHE-2015”) Sərgisində tibbi turizmə də geniş yer verilib. Xarici ölkələrin 30-dan çox klinikası bu sahə üzrə xidmət və imkanlarını təklif edib.

 

Sentyabrın 19-da sərgi çərçivəsində “Sağlıq turizmində TURSAB və Azərbaycan əlaqələrinin rolu və önəmi” mövzusunda panel toplantısı təşkil edilib. Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının birgə təşkil etdiyi konfransda iki ölkənin müalicəvi, tibbitermal turizmdə əməkdaşlığı müzakirə edilib.

Türkiyə Tibbi Turizm Komitəsi sədrinin müavini Ənvər Əmrə Afanyalının moderatorluğu ilə keçən tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev iki ölkənin dövlət qurumları və ictimai təşkilatları arasında turizm sahəsində əməkdaşlığını yüksək dəyərləndirib. Şöbə müdiri bildirib ki, işgüzar əlaqələr bütün istiqamətlərdə, o cümlədən müxtəlif sərgilərdə, forumlarda birgə təmsilçilik, müştərək treninqlərin təşkilində və təcrübə mübadiləsi formalarında davam edəcək.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev bildirib ki, tibbi turizmin çoxəsrlik tarixi olsa da, termin kimi həyatımıza bu yaxınlarda daxil olub. Azərbaycanın müxtəlif guşələrindəki mineral sular, müalicəvi palçıq və neft, habelə duz mağaraları kimi təbii resurslar bu sahədə geniş imkanlarımızın göstəricisidir. Naftalan, Duzdağ, İstisu, Qalaaltı və digər məşhur kurortlar buna nümunədir.

Bu sahədə iki ölkənin əməkdaşlığından danışan assosiasiya sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum TURSAB-la əlaqələr çərçivəsində qardaş ölkədə tibbi turizmlə bağlı keçirilən bütün tədbirlərdə iştirak edib. Eyni zamanda Türkiyənin müalicəvi turizmlə məşğul olan şirkətləri Azərbaycanda özlərinin geniş reklamlarını qurublar. “BIHE-2015” sərgisində Türkiyənin 50-yə yaxın şirkəti 600 kvadratmetrlik sahədə təmsil olunur.

Çıxış edən digər mütəxəssislər bu sahədə iki ölkə arasında təcrübə mübadiləsinin əhəmiyyətidən söz açıblar.

Qeyd edək ki, sərgidə Gürcüstan, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri iştirak edib. İlk dəfə olaraq Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri sərgidə birgə milli stendlə çıxış edib. Sərgidə həmçinin insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də təmsil olunublar.

Builki sərgi Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənib. Qurum sərgiyə onlarla şirkət cəlb edib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 23 sentyabr.- S. 7.