Bakıda növbəti görüşədək

 

Beynəlxalq sərgi-yarmarka maraqlı görüş və təqdimatlarla yadda qaldı

 

16-18 sentyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası da tarixə qovuşdu. Üç gün ərzində Bakı İdman Sarayında yerlixarici nəşriyyat-poliqrafiya müəssisələri, kitabxana, elm və tədris qurumları bir araya gəldi.

 

Sentyabrın 18-də sərgi-yarmarkanın bağlanış mərasimi keçirildi. Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək sərgi-yarmarkanın işini yüksək qiymətləndirdi: “Belə tədbirlərin keçirilməsi kitaba marağın artırılmasına xidmət edir, kitabsevərlər tərəfindən isə maraqla qarşılanır. Sərgidə həm yerli, həm də xarici poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri fəal iştirak etdilər”.

Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Çingiz Əlioğlu paytaxtımızda keçirilən ənənəvi kitab sərgi-yarmarkasının əhəmiyyətindən söz açdı. Bildirdi ki, sərgi-yarmarka ölkəmizdə nəşriyyat işinin yüksəldilməsinə, həmçinin xarici nəşriyyatlar və kitabxanalarla əlaqələrin qurulmasına müsbət təsir edir. Çingiz Əlioğlu qeyd etdi ki, sərgi-yarmarka çərçivəsində bir sıra tədbirlər, kitab təqdimatları, müəlliflərlə görüşlər keçirilib, sərgi iştirakçıları həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olublar.

Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin müdiri Vaqif Bəhmənli bildirdi ki, iki ildən bir keçirilən sərgi ötən illərdəkindən fərqli olaraq daha geniş təşkil olunub: “Artıq dördüncü dəfədir keçirdiyimiz kitab sərgi-yarmarkasına ildən-ilə maraq artmaqdadır. Əvvəlki illərdə keçirilən sərgilərdən fərqli olaraq iştirakçıların sayında da çoxalma var. Belə ki, ötən sərgidə 60 yerli, 15 xarici təşkilat iştirak edirdisə, builki sərgiyə 100 yerli, 30 xarici təşkilat qatılmışdır”.

Vurğulandı ki, ölkəmizdə kitaba marağın artırılması məqsədilə hər il müxtəlif kitab sərgiləri açılır, kitab bayramları keçirilir: “Eyni zamanda bu sahədə beynəlxalq əlaqələrin inkişafına da xüsusi önəm verilir, il ərzində müxtəlif ölkələrdə keçirilən kitab sərgi-yarmarkalarında uğurla təmsil olunuruq”.

Şöbə müdiri ölkəmizdə kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli görüldüyünü diqqətə çatdıraraq, sərgi-yarmarkada yüksək səviyyədə iştiraka görə aidiyyəti qurumlara minnətdarlığını bildirdi.

Sonda IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə iştirakçı təşkilatlara diplomlar təqdim olundu.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 23 sentyabr.- S. 5.