Muzeydə violonçel musiqisi gecəsi

 

Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 23-də L. və M.Rostopoviçlərin ev-muzeyində “Violonçel musiqisi gecəsi” keçirilib.

Tədbiri muzeyin direktoru Şeyla Heydərova açaraq Mstislav Rostropoviç Fonduonun təqaüdçüləri haqqında danışıb. Qeyd olunub ki, fond 1997-ci ildə maestro tərəfindən gənc, istedadlı ifaçılara hərtərəfli kömək məqsədilə yaradılıb. Mstislav Rostropoviçin vəfatından (2007) sonra quruma rəhbərlik edən Olqa Rostropoviç atasının başladığı missiyanı davam etdirir. Fondun ifaçıları məşhur bəstəkar və musiqiçilərin (S.Prokofyev, D.Şostakoviç, S.Rixter, D.Oystrax) adına təqaüdlər alaraq, Rusiyada, Amerikada, Avropa ölkələrində, Azərbaycanda konsert proqramları ilə çıxış edirlər.

Sonra direktor gecənin musiqili qonaqlarını - beynəlxalq müsabiqələr laureatları, violonçel ifaçısı L.Ramişvilifortepiano ifaçısı S.Tağızadəni təqdim edib.

1997-ci ildə Tbilisidə anadan olmuş L.Ramişvili gənc musiqiçilərin “Şelkunçik” beynəlxalq televiziya müsabiqəsinin (Moskva) 1-ci mükafatçısıdır. 2011-ci ildən M.Rostropoviç Fondunun təqaüdçüsüdür. 2014-cü ildən Almaniyanın Kronberq Akademiyasında professor F.Xelmersonun sinfində təhsil alır. Bir çox festival və müsabiqələrdə iştirak edib.

Azərbaycanın tanınmış fortepiano ifaçısı S.Tağızadə beynəlxalq və respublika müsabiqələri laureatı, Osaka, London, Moskva, Boston, Los-Anceles şəhərlərində keçirilən konsertlərin, ölkəmizdə təşkil olunan musiqi festivallarının iştirakçısıdır.

İfaçıların təqdim etdiyi konsert proqramında R.Şumanın “Üç fantastik pyesiD.Şostakoviçin violonçel ilə fortepiano üçün “Sonata”sı səslənib. Hər iki musiqiçi yüksək ustalıq tələb edən bu əsərləri böyük zövq və məharətlə ifa ediblər.

Gecədə M.Rostropoviç Fondunun tədbirlərindən foto-slaydlar nümayiş olunub.

Sonda solistlərə muzey tərəfindən hazırlanmış “Azərbaycan bəstəkarlarının violonçelfortepiano üçün əsərləri” not kitabı təqdim edilib.

Tədbirdə Rusiya, Gürcüstan səfirliklərinin nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 6.