50 yaşlı uşaq kitabxanası

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 yaşı tamam olub. Kitabxana 1965-ci il yanvarın 1-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kitabxana fondunun bazası əsasında yaradılıb. 12 sentyabr 1967-ci il tarixdən kitabxana Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, ədəbi dilimizin saflığı uğrunda daim mübarizə aparmış ədəbiyyatşünas, pedaqoq, maarifpərvər Firidun bəy Köçərlinin adını daşıyır.

 

Respublika Uşaq Kitabxanasının yaradılması uşaqlara kitabxana xidmətinin və onun metodik təminat sisteminin formalaşmasında irəliyə atılmış mühüm addım oldu. Nəticədə uşaqlara kitabxana xidmətinin ümumrespublika metodik mərkəzi meydana gəldi, uşaqlara xidmət edən digər kitabxanalara, o cümlədən məktəb kitabxanalarına metodik rəhbərlik təmin edildi. 70-ci illərdə zəngin metodik nəşrlər fondu yaradıldı, fondda uşaqlara kitabxana xidmətinin bütün nəzəri, metodik və təcrübi nailiyyətlərini və qabaqcıl təcrübəni əks etdirən ədəbiyyat toplanıldı. Fonddan respublikada fəaliyyət göstərən bütün uşaq kitabxanaları fəal istifadə edirdi.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası müstəqillik illərində də mühüm inkişaf yolu keçib, bir çox dünya kitabxanaları ilə əlaqələr yaradılıb, onların təcrübələrindən istifadə etməklə uşaqlara kitabxana xidmətində ən müasir metodformalar tətbiq olunur. Kitabxana 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür, qurumun sərgi və konqreslərində iştirak edir. Şuraya üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçılarını, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatındakı problemlərə yönəltmək, uşaq ədəbiyyatı sahəsində olan yenilikləri tətbiq etmək, balaca oxucuları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir.

Kitabxananın təsis etdiyiGöy qurşağı” jurnalı (2006-2007-ci illərdə “Körpəm” adı ilə nəşr olunub) məktəblilərin dünyagörüşünün inkişafında, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsində, təhsilə marağın artmasında mühüm rol oynayır. 32 səhifədən ibarət rəngli şəkillərlə nəfis tərtib olunan jurnalın hər sayı uşaqlar tərəfindən maraqla qarşılanır. Nəşrdə əlamətdar tarixi günlər, bayramlar, tarixi və görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, uşaqların qələmə aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Jurnalda kitabxanaya daxil olan yeni kitablar haqqında oxuculara müntəzəm məlumat verilir. “Göy qurşağı” uşaq jurnalı bütün rayonların Mərkəzləşdirilmiş Kitabxana Sistemi vasitəsilə ən ucqar dağ kəndlərinə belə yayılır.

“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ölkəmizdə kitabxana işinin inkişafında yeni mərhələyə təkan verib. Dövlət Proqramından irəli gələn tələblərlə bağlı F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2011-ci ildə səyyar kitab sərgisi - “Uşaq kitab karvanı” layihəsini həyata keçirməyə başlayıb. Ötən müddətdə layihə üzrə 16 rayona kitab karvanı yola düşüb, 14 min nüsxədən çox uşaq kitabı hədiyyə edilib.

Respublika Uşaq Kitabxanası yeni informasiya texnologiyalarının tətbiqinə də geniş yer verir, informasiya mənbələrinin elektron daşıyıcılara köçürülməsi və bir sıra başqa işlər həyata keçirilir. Hazırda kitabxananın fondu 250 min nüsxəyə yaxındır. Kitabxananın 8 şöbəsi, 4 bölməsi, 2 oxu zalı var, 3 filialı isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2014.- 7 yanvar.- S. 15.