Hissduyğular sənəti

 

Süjetli xalça növü olan qobelen kübarlığın rəmzi, zəngin insanların həyatında və mənəvi aləmində geniş yer alan dekor vasitəsi, saraylara, qəsrlərə ecazkar gözəllik bəxş edən bir sənət nümunəsidir.

 

Qobelen xalçası erkən orta əsrlərdə yaranıb. Mənbələrdə göstərilir ki, bu sənətin ilk yaradıcıları ərəblər olub. XII-XIII əsrlərdə bu gözəl sənət növü inkişafının ən yüksək mərhələsinə çatıb, bir çox Şərq ölkələrinə yayılıb. Həmin dövrlərdə qobelen türk xalqlarının da maraq göstərdiyi və çox işlətdiyi məişət əşyalarından biri olub və varlı ailələrin evlərini bəzəyib. Bu xalçalar eyni zamanda dekor vasitəsi kimi sarayları, qəsrləri daha da ecazkar edib.

Bu sənət növü Şərqdə unudulduğu vaxtlarda avropalıların diqqətini çəkir. Xüsusilə də Fransada geniş intişar tapır, onlar bu sahəyə daha çox maraq göstərir və inkişaf etdirirlər. Araşdırmalarda bu sənətin Fransaya misirli sənətkarlar tərəfindən gətirildiyi qeyd olunur. XVII əsrdə Fransada Jill Qobelen adlı bir rəssam bu sənətlə ciddi məşğul olur. Onun hazırlanma və toxunma qaydalarını dəqiq araşdırır və sirlərini övladlarına öyrədir. Rəssamın oğlanları da bu işlə məşğul olur, qobelen rəssamlıq məktəbi yaradırlar. Beləliklə, qədim tarixi olan süjetli xalça sənəti növünün indiki adı da onların soyadından götürülür.

Ölkəmizdə qobelen xalçasının vərni, palaz, şəddə, kilims. növləri var və ayrı-ayrı çeşni əsasında toxunur. Azərbaycanın müxtəlif regionlarında aparılan arxeoloji qazıntılar zamanı bu sənət növünə aid xalqımızın qədim adət-ənənələrini əks etdirən xalça nümunələrinin qalıqlarına rast gəlinib.

Bu gün qobelen xovsuz xalça növü dekorativ sənət nümunəsi kimi tanınmaqdadır. Onu adi xalıdan fərqləndirən əsas cəhət isə üzərində insan duyğularının, hisslərinin cəmləşdiyi süjetli kompozisiyanın məna və məzmunla ipə-sapa köçürülməsidir. Onun hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir. Yəni bu sənətlə məşğul olan ilk növbədə rəssam olmalıdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecinin müəllimi Eynulla Emrullaoğlu deyir ki, qobelen xalq tətbiqi sənətinin çox az işlənən növüdür. Hətta onun respublikamızda unudulmaq təhlükəsi də var. Bu sənət yalnız şəxsi sifarişlər hesabına yaşayır. Qobelendə rəssam əvvəlcə fikrini eskiz formasında yaradır: УŞübhəsiz ki, burada da əsas məsələ rəssamın ideyaya malik olmasıdır. Şəxsən mənim üçün istifadə edəcəyim rənglər qeyri-adidir. Sapları özüm boyayıram və bu məqsədlə təbii boyalardan istifadə edirəm. Boyaları otlardan, ağaclardan hazırlayıram. Digər xalq tətbiqi sənət növləri kimi bu sənətin də diqqət və qayğıya ehtiyacı var. Bu gün Avropada, xüsusilə FransaÇexiyada incəsənət sahəsində qobelen geniş yayılıb. Türkiyədə, Baltikyanı ölkələrdə, qonşu Gürcüstanda bu sahəyə üstünlük verilirФ.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 15.