Özümə borc qalan yazım...

 

Məlik Dadaşovun əziz xatirəsinə

 

1994-cü ilin yayı idi. Peşəkar kollektivdə işləyirdim. Fəaliyyətimdən, yazılarımdan narazılıq edən yox idi. Hələ özümə, müşahidəmə və bir az böyük desək, qələmimə inandığım həddə çatmamışdım. Amma elə bilirdim ki, şöbə müdirimdən tutmuş baş redaktoradək hər kəs mənim yazımı bəyənir və ən əsası, sanballı tapşırıqları mənə etibar edir... Hər halda mənə belə gəlirdi...

 

...Bir gün eşitdim ki, Məlik Dadaşovu redaksiyaya dəvət ediblər, bu yaxınlarda 70 yaşı tamam olur, filankəs ondan müsahibə alacaq. Çaşıb qaldım: o filankəs nəinki mədəniyyətdən, sənətdən yazmırdı, həm də bu günədək qəti əminəm ki, o, aktyoru yalnız televizorda görmüşdü, vəssalam. Axı, mən o yazını bəlkə də böyük təcrübədən doğulan sanballı fikirlərlə süsləməsəydim (yaş hələ o yaş deyildi) də, əmindim ki, sevgi ilə yazardım. Böyük aktyorun sənətinə yaraşan sevgi ilə!..

...Müsahibə alındı, yazı yazıldı, Məlik müəllim birredaksiyaya gəldi, yazını oxuduheç bir iradını bildirmədən getdi. O, həyatın çox üzünü görmüş insan, ustad sənətkar idi, təbii ki, üzünün ifadəsini idarə etməyi də bacarırdı. Düzü, həmin müsahibəni qəzetdə oxuyanda bəyənmədim. Müsahibədə hər şey yerində idi, düz yazılmışdı, amma Məlik Dadaşov yox idi. O zaman içimdə bir istək göyərdi ki, bu aktyor barədə nə vaxtsa gərək elə yazı yazam ki, orada Məlik Dadaşov olsun!..

 

Qismət bu günə imiş...

İlk görüşün tarixçəsi

 

Mən onu ilk dəfə görəndə qorxmuşam. Çoxdan bəri kinoteatr funksiyasını itirmiş C.Cabbarlı adına kinoteatrda özümdən xeyli böyük bibim qızlarına qoşulub «Axırıncı aşırım» filminə baxanda. Ekrandakı qıyqacı baxışlı, Abbasqulu bəyə qıyan, arvad-uşağa silah çəkən Qəmlo o vaxtkı ağlımla çox qorxulu adam idi. Gözü ekrana zilləmiş bir uşağı qorxudacaq qədər!.. Düzdü, yaxın qohumların arasında aktyorlar vardı deyə, yaşıdlarımdan fərqli olaraq anlayırdım ki, o, əsl Qəmlo deyil, ümumiyyətlə, bizim dövrdə Qəmlolar yoxdu, o Qəmlo aktyorduaktyorluq onun işi, peşəsidir. Gərək illər keçəydi ki, əslində o qorxunun böyük sənətkarlıqdan, aktyorun fitrətdən gələn istedaddan, zəhmətsevərlikdən doğulduğunu dərk edəydim.

Amma illər keçsə də, fakt faktlığında qalır: Məlik Dadaşov istedaddan savayı, güclü səhnə cazibəsinə malik aktyor, yaraşıqlı kişi idi. Bu cür aktyor səhnədə həm Camal (S.Rəhman: «Nişanlı qız»), həm Prospero (U.Şekspir: «Fırtına»), həm Tərlan (Ş.Qurbanov: «Sənsiz»), həm Şeyx Nəsrullah (C.Məmmədquluzadə: «Ölülər»), həm Xosrov Atayev (İ.Əfəndiyev: «Atayevlər ailəsi») ola bilərdi. Oldu da!..

Təəssüf ki, bizim nəslin teatralları Məlik Dadaşovun ən şux vaxtını, ən sanballı rolları oynadığı yaşda səhnədən canlı seyr edə bilmədi. Xronikaçıların, sənət salnaməsi yaradanların başbilənləri də sağ olsun! Ötən əsrin 70-ci illərinədək Azərbaycan teatrında oynanılmış hansısa tamaşa əvvəldən sonadək tam lentə alınmayıb, ya da həmin lentlər məhv edilib, məhv edilməyənlərinüzünü heç bir arxivdə görən olmayıb.

 

İstedada qaynar bulaq deyiblər

 

Məlik Dadaşov musiqi təhsili alıb, özü də Bakıda yox, Moskvada konservatoriyaya daxil olmaq niyyətindəymiş. Lakin Böyük Vətən müharibəsi başlayıb, arzusu ürəyində qalıb. Cəbhədə yaralanıb, kontuziya alıb, ordudan tərxis olunub. Bakıda, Teatr İnstitutunda təhsil almaq həvəsinə düşüb. Rəqs ansamblında rəqqas olub. Akademik Milli Dram Teatrına dəvət edilənədək bir neçə teatr kollektivi dəyişib. Amma hansısa müdrik insanın söylədiyi həqiqət imiş: istedad sahibi hər sahədə istedadlıdır. Sadəcə, onun ulduz tək parlaya biləcəyi bir sahə olur ki, Məlik Dadaşov üçün də həmin sənət sahəsi aktyorluq idi. Görkəmli aktyor ömrünün ən gözəl illərində, 30-55 yaş arasında Azərbaycan və dünya klassik dramaturgiyasından bir-birindən parlaq, seçmə rollar oynadı. Məlik Dadaşov Azərbaycan səhnəsinə çıxan illərdə milli teatr sənətinin birinci dalğa professional aktyorları da səhnədə idi, 30-cu illərdə səhnəyə gələnlər də öz gənclik şövqlərini itirməmişdi, üstəlik, onun ardınca da çox güclü bir aktyor nəsli səhnəyə ayaq basırdı. Belə bir kəhkəşanda kölgədə qalmamağın özü hünər sayılsa belə, Məlik Dadaşovun sənət ulduzu parlaya bildi.

60-cı illər onun teatr karyerasında zirvə dövrü idi. Arada teatrdan çıxıb pedaqoji fəaliyyətlə məşğul olsa da, filmlərdə ən yaxşı rollarını oynayıb populyarlaşsa da, teatrda Şeyx Nəsrullahı və Tərlanı oynadı.

Görkəmli rejissor, Azərbaycan teatrına yeni dəst-xət gətirmiş, monumentallıqdan, pafosdan uzaq teatr istiqaməti yaratmış Tofiq Kazımovun tamaşaya qoyduğu «Ölülər» də, bu tamaşada Məlik Dadaşovun yaratdığı Şeyx Nəsrullah da çoxdan Azərbaycan teatrşünaslığının və aktyor təliminin müntəxəbatıdır və mənim görmədiyim quruluşu, aktyor oyununu təhlil etmək cəhdim yersizdir. Lakin uşaqlıq illərimin qulaq yaddaşında həmin tamaşanın radio variantı canlıdır və mən duyğu yaddaşımla fantaziyama güc gəlib görmədiyim, məhz Mirzə Cəlilin yazdığı kimi çatdırılan o «Ölülər»ə baxıram. Farscanı ərəbcə kimi sırıyan, fırıldaqçılıqda qraf Kaliostronu geridə buraxacaq qədər hiyləgər, sadəcə, şeyx əbasına bürünmüş çoxbilmiş Nəsrullahı görürəm. Tofiq Kazımovun dramaturqun məramını, Məlik Dadaşovun da rejissorun yozumunu çatdırmaq qüdrətinin qarşısında baş əymək lazım!

Məlik Dadaşov Şeyx Nəsrullahın ardınca «Sənsiz»də Tərlanı oynadı. Bu, artıq tamam fərqli oyun stilistikası, Şeyx Nəsrullah ilə müqayisə olunmayacaq bir obraz idi!..

 

Rahat yoğurulan aktyor

 

Bəlkə də çoxları bilmir. Yaxşı rəqqas, balet artisti, mim, gimnast, akrobat olmaq üçün insanın orqanizmində elastik toxuma normadan çox olmalıdır. Elastik toxuma normadan çox deyilsə, heç bir istedad, heç bir üzücü, davamlı məşqlər istənilən nəticəni verməyəcək, insanın hərəkət plastikasını artırmayacaq. Keçmiş rəqqas Məlik Dadaşovun təkcə görkəminin, hərəkətlərinin deyil, aktyor xislətinin plastikası var idi. İstedadlı rejissor onu istədiyi obrazın qəlibinə uyğun yoğurmağı bacarır, istedadının plastikasından istifadə etməklə sanballı surət yaratmağa sövq edə bilirdi. Bu aktyorun baxışının da, səsinin də plastikası var idi deyə, istənilən obraza girə bilirdi, İsmayıl Əfəndiyevdən («Fətəli xan» filmində Əmir Həmzə) ta Hacıbaba Bağırovadək («Ulduz»da Möhsün) fərqli aktyorları filmin səsləndirilməsində əvəz etmişdi. Onun hətta ən xırda intonasiyanı çatdırmaq məharətini məşhur fransız komiki Lui de Fünesin, birböyük rus aktyoru Zinoviy Gerdtin səsində hiss etmişəm, vəssalam.

Məlik Dadaşov köklü bakılı idi. Adi həyatdakı davranışına, danışığına görə «obrazovonski qədeş» tipinə çox uyğun gəlirdi. Amma kimsə səhnədə, efirdə onun səsində, intonasiyasında bircə dəfə yersiz ləhcəyə, vurğuya, məhəlli və ya dialekt kəlməsinə rast gəldiyini deyə bilməz.

Şeyx Nəsrullahı anlayıb oynamaqdan ötrü fars dilinə, nisbətən daha yaşlı, dil öyrənmək qabiliyyətinin korşaldığı yaşında «Fəryad»dakı erməni zabiti Xaçaturyanı oynamaqdan ötrü erməni dilinə bələd olmağa ərinməmişdi. Məlik Dadaşovun rusca danışığında hətta Bakı ruslarına xas səsləri yumşaltma və sözləri uzatma vərdişi yox idi. Bütün bunlar böyük, yetkinAllah vergisi olan aktyorluq istedadının əlamətləri idi.

Hayıf, dünya belə bir aktyoru tanımadı, onun istedadı o zamankı ittifaq hüdudlarına qapanıb qaldı. Çünki zaman o zaman deyildi...

 

Borcumu qaytardım, ya...

 

Ötən il görkəmli aktyorun 90 yaşı tamam oldu. Dekabrın 20-də onun illərlə çalışdığı, səhnəsində can qoyduğu «Azdrama»da dövlət səviyyəsində keçirilən yubiley gecəsi 90 illik tədbirlərinin yekun akkordu idi. Səhnədə, salonda onun müasirləri, Məlik Dadaşovla eyni zaman kəsiyində yaşamış, onu şəxsən tanımış insanlar əyləşmişdi.

İllər keçəcək, hər yuvarlaq yubiley yaşında Məlik Dadaşovu şəxsən tanıyanlar bir az da azalacaq. Amma onun sənətini, heç olmasa, filmlərdən tanıyanlar, sənətinin qüdrətinə heyran kəsilənlər yenə də olacaq.

 

P.S. Heç bilmədim, borcumu qaytara bildim, ya yox. Məncə, yox...

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 10.