Misirin müasir möcüzəsi: Şarm Əl-Şeyx

 

Xəbər verdiyimiz kimi, dekabrın 22-dən 27-dək Azərbaycanın kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Misirin Turizm Nazirliyinin dəvəti ilə bu ölkənin məşhur turizm mərkəzi olan Şarm Əl-Şeyx şəhərində səfərdə olub. Zəngin proqramı, maraqlı görüşləri, bol təəssüratları ilə yadda qalan səfər barədə qeydlərimizi bu saydan etibarən oxuculara təqdim edəcəyik.

 

Öncə onu qeyd edək ki, 2014-cü ilin avqust ayında Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi heyətin Misirə səfəri zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı danışıqlar aparılmışdı. Şarm Əl-Şeyxə press-turun təşkili ilə bağlı razılaşma həmin müzakirələr əsnasında əldə edilmişdi. Görüşlərdə Misirin azərbaycanlı turistləri qəbul edəcək “EgAz tours” şirkəti tərəfindən Bakı və Şarm Əl-Şeyx arasında hava xəttinin açılması ilə bağlı irəli sürülmüş təşəbbüs də müzakirə olunmuş və iki ölkənin müvafiq dövlət qurumları tərəfindən müsbət qarşılanmışdı. Azərbaycanlı media mənsublarının Şarm Əl-Şeyxə səfəri bu danışıqların nəticəsi olaraq gerçəkləşdi.

Hazırda birbaşa uçuş olmadığından Bakıdan Şarm Əl-Şeyxə getmək üçün üç reys dəyişmək lazım gəlir: Bakı-İstanbul, İstanbul-Qahirə, Qahirə-Şarm Əl-Şeyx. Xüsusi olaraq qeyd etmək istərdim ki, Qahirə hava limanından başlayaraq Azərbaycanın Misirdəki səfirliyinin və "EgAz tours"un diqqət və qayğısını hiss etdik. Burada bizi səfirliyin əməkdaşı Emin Rəhimov qarşıladı və Şarm Əl-Şeyxə qədər müşayiət etdi. Qahirədən bu turizm məkanına təyyarə ilə 45 dəqiqəlik yol var. Şəhərə çatanda artıq axşam saatları idi. Media mənsublarını Azərbaycanın Misirdəki səfirliyinin birinci katibi Elnur İsmayılov, "EgAz tours"un prezidenti Amr Şendi, onun həyat yoldaşı - həmyerlimiz Tovuz xanım və onların qrupu qarşıladı. Turizm mərkəzi ilə tanışlığımız da onların sayəsində reallaşdı.

 

Qırmızı dənizin incisi və ya “Şeyxin körfəzi”

 

Dünyanın ən məşhur turizm məkanlarının sırasında mühüm yer tutan Şarm Əl-Şeyx onilliklər öncə kiçik və sakit bir balıqçı kəndi olub. Lakin misirlilər səhranın ortasında əsrarəngiz möcüzə yarada biliblər. Şarm Əl-Şeyx Sinay yarımadasının cənubunda, yəni Misirin Asiya hissəsində yerləşir. Bura Avropa, Asiya və Afrikanın qovşağıdır. Burada dünyanın hər tərəfindən gələn turistlərin rahat gəliş-gedişlərinə xidmət edən beynəlxalq hava limanı fəaliyyət göstərir və təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur.

Şarm Əl-Şeyx həm də Cənubi Sinay qubernatorluğunun inzibati mərkəzlərindən biridir. Xatırladaq ki, Sinay yarımadası 1967-1982-ci illərdə İsrailin işğalı altında olub. İşğaldan azad olduqdan sonra Misir hökuməti bu regiona ciddi diqqət göstərərək onu turizm cənnətinə çevirib.

Əlverişli coğrafi şərait, gözəl iqlim, zəngin təbiət aləmi və inkişaf tezliklə turistlərin diqqətini cəlb edib. Ümumiyyətlə, Şarm Əl-Şeyx paytaxt Qahirə və ölkənin turizm şəhəri Luksor daxil olmaqla tipik Misir şəhərlərindən fərqlənir. Bu məkan daha çox Aralıq dənizi sahillərində yerləşən Avropa kurortlarını xatırladır. Şarm Əl-Şeyx ərəbcə “Şeyxin körfəzi” deməkdir. Şəhərdən 80 km uzaqda Musa dağları və Müqəddəs Yekaterina dağları yer alır. Ümumiyyətlə, Misir yeganə ərəb dövlətidir ki, Asiya qitəsinə çıxışı var. Asiya ilə Afrikanı ayıran sərhəd Süveyş kanalıdır. Kurort zonasının uzunluğu körfəzlərdən ibarət olmaqla 35 km-dir. Şarm Əl-Şeyx şəhəri Şarma və Nyama-Bey adlanan iki hissəyə bölünür onlar arasındakı məsafə altı kilometrdir. Bu turizm məkanı sualtı üzgüçülük həvəskarları üçün də gözəl fürsətdir. Burada 20-dək dayvinq mərkəzi fəaliyyət göstərir.

 

Gəmi gəzintisi və Azərbaycan himni

 

Şarm Əl-Şeyxə səfər proqramı Qırmızı dənizə gəmi turu ilə başlandı. Bəlli oldu ki, tur çərçivəsində turistlərə bir sıra əyləncə proqramları təklif olunur. Bunlardan biri snorkinq, yəni suda qalmadır. Kəndirlə hörülmüş səbətə bənzər yelləncək səni gəmidən birbaşa Qırmızı dənizin üzərinə aparır. Gəmidən idarə olunan bu yelləncəklə hündürlükdən dənizin yaxınlığına qədər yellənmək dənizlə insan arasında maraqlı təmas yaradır ki, bu da insana həm həyəcanlı, həm də xoş anlar yaşadır. Turistləri cəlb edən başqa bir xidmət isə gəmidən idarə olunmaqla dalğıc kimi Qırmızı dəniz üzərində fırlanmaq və hərdən də dəniz suyuna bir qədər yaxınlaşaraq ona baş vurmaq və dayvinqdir (dənizin dərinliyinə enmək).

Dəniz turuna daxil olan ikinci proqram isə Ras Məhəmməd qoruğuna səfər idi. Tiran adasında yerləşən bu məkan 1984-cü ildə milli qoruq statusu alıb. Onu da vurğulamaq lazımdır ki, qoruq dünyada mərcanların zənginliyinə görə Avstraliyadakı qoruqdan sonra ikinci yerdə dayanır. Sinay yarımadasında ümumilikdə 7 qoruq var ki, onlar da Ras Məhəmməd qoruğundan başlayaraq, Şarm Əl-Şeyxdən 30 km aralıda yerləşən qoruğa qədər uzanır. Qoruğa getmək üçünsə gəmilərə yaxınlaşan kiçik motorlu qayıqlardan və ya təknələrdən istifadə olunur. Qızıl qumlu sahillə əhatə olunmuş adadan dənizdəki mərcanları daha yaxından seyr etmək mümkündür. Budur, Ras Məhəmməd qoruğuna səfərimizi başa çatdırıb yenidən gəmiyə qayıdırıq. Burada isə bizi ayrı bir sürpriz gözləyir: Azərbaycan və Misirin dövlət himnləri səsləndirilir, Azərbaycan bayrağı qaldırılır, üzərində bayrağımız olan kiçik motorlu qayıq gəminin ətrafında dövrə vurur. Və bunun ardınca səsləndirilən Azərbaycan və ərəb musiqiləri, rəqslər ovqatımızı daha da yüksəldir.

Gəmi gəzintisi proqramından sonra isə media nümayəndələrini şəhərin mərkəzi ilə tanışlıq gözləyir.

 

Nağıllar aləminə bənzər Soho meydanı

 

Şəhərin Soho meydanı turistlər üçün həm də bir əyləncə məkanıdır. Burada gəzdikcə özünü sanki romantik atmosferdə hiss edirsən. Musiqili fəvvarələr, çoxlu ticarət nöqtələri və küçələrdə göstərilən şoular, bir-birindən rəngarəng, klassik musiqilərin müşayiəti altında küçə boyunca düzülmüş, qədim Misiri xatırladan heykəllərə tamaşa etmək, suvenirlərlə dolu dükanlar, ecazkar işıqlandırma sistemi insana unudulmaz anlar yaşadır. Ən başlıcası, özünü rahat və təhlükəsiz hiss edirsən. Şarm Əl-Şeyxə səfərimiz Yeni il ərəfəsinə təsadüf etdiyindən burada həm də Yeni ilin simvollarına rast gəlmək mümkün idi.

Meydandakı buz barı da turistlərin diqqətini çəkən məkanlardan biridir. Bələdçinin sözlərinə görə, Misirdə qar və soyuq hava olmadığından bu bar sanki qışı simvollaşdırır. Bayırda 30 dərəcə isti olduğu halda buradakı soyuq hava hətta Sibir sakinlərini də təəccübləndirə bilər. Sərt qış fəslini xatırladan bara yalnız xüsusi qalın xalat geyinib daxil olmaq mümkündür.

Ümumiyyətlə, meydanda insan ruhunu dincəldən bir sıra yerlər var ki, onların sırasında musiqili, rəqs edən fəvvarələr xüsusi yer tutur. Maraqlı texnika ilə rəqs edən fəvvarələrin klassik musiqi ilə harmoniyası isə nağıllar aləmini xatırladır.

Şarm Əl-Şeyxdəki ilk müşahidələrim ondan ibarət oldu ki, misirlilər səhranın ortasında palmalarla zəngin oazis yaratmağa müvəffəq olublar. Burada elə bir “cənnət” salınıb ki, sözlə ifadə etmək çətindir. İlin bütün fəsillərində turistlərin istifadəsində olan Qırmızı dəniz, sahildəki təmiz qum, qeyri-adi əyləncə mərkəzləri, bağçalar, gözoxşayan palma ağacları, bir-birindən gözəl hotellər və restoranlar, qədim Misir dəbdəbəsini xatırladan hovuzlar, heykəllər, abidələr - bir sözlə, gözlə görünən nə varsa, insan beynini düşünməyə vadar edir.

Onu da qeyd edim ki, dekabrın 22-də artıq Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də Şarm Əl-Şeyxə gəlmişdi. Səfərimizin ilk gününün proqramını başa çatdırdıqdan sonra səfir KİV nümayəndələri ilə görüşdü və maraqlı fikir mübadiləsi apardı.

 

(ardı var)

 

Mehparə Sultanova

Bakı-İstanbul-Qahirə-Şarm Əl-Şeyx-Bakı

 

Mədəniyyət.- 2015.- 7 dekabr.- S. 8.