Madaqaskar”: ekrandan səhnəyə

 

Cizgi filmi qəhrəmanlarını maraqlı rejissor yozumunda təqdim edən tamaşa balacalara Yeni il hədiyyəsi oldu

 

Bayram günlərində Bakı teatrlarının əksəriyyəti tamaşaçı korluğu çəkmədi. Xüsusən də balacaları sevindirən Yeni il şənlikləri proqramı ilə. Hər zaman zövqoxşayan səhnə əsərləri ilə seyrçilərin görüşünə gələn teatr məkanlarımızdan biri də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrıdır. Teatr bu dəfə də ənənəsinə sadiq qalaraq kiçik yaşlı tamaşaçıları üçün maraqlı Yeni il sürprizi hazırladı.

Əməkdar artist Nicat Kazımovun hazırladığı “Madaqaskar” adlı bayram tamaşası balacalara unudulmaz anlar yaşatdı. Tamaşadan əvvəl teatrın foyesində təşkil olunan şənlik, nağıl qəhrəmanları, Şaxta babaQar qızla əyləncə dolu anlar uşaqların sevincini birə-beş artırdı. Yaradıcı qrup ən parlaqyaddaqalan qəhrəmanları, əlvan geyimləri, uşaqların ən çox sevdiyi mahnıları bir araya gətirərək nağılvarı ab-hava yarada bilmişdi.

Şənlikdən sonra balacalarMadaqaskar” tamaşasını izləyiblər. Məşhur cizgi filminin qəhrəmanları Yeni ili qarşılamağa hazırlaşırlar. Filmdən fərqli olaraq bu dəfə onların sırasına keçi də qatılıb. Axı 2015-ci il Keçi ilidir. Mənfi və müsbət qəhrəmanlarla səhnəyə çıxan cizgi filminin obrazları fərqli şəkildə və fərqli xarakterdə bir az şən, bir az kinli, bir az da qorxulu xarakterləri ilə balacaları əyləndirdilər. Bütün qəhrəmanlar çətinliklərə baxmayaraq, meşədə bir araya gəlib Keçi ilini qarşılaya bildilər.

Valideyn və uşaqların razı qaldığı əsas məqamlardan biri tamaşanın uşaq psixologiyasına uyğun, bütün yaş həddini əhatə etməsi idi. Dekabrın 25-dən yanvarın 4-dək şəhərin balaca sakinləri sürprizlərlə zəngin əyləncəli bayram proqramı, Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış Yeni il proqramından razı qaldılar.Madaqaskar” tamaşası isə cizgi filmi qəhrəmanlarını ekrandan səhnəyə gətirməklə, maraqlı rejissor yozumu, süjet xətti və səhnə tərtibatı ilə azyaşlı tamaşaçıların Yeni il tətilinə əvəzolunmaz hədiyyə oldu. Tamaşada teatrın gənc və istedadlı aktyorları İlham Əsədov, Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Nicat Kazımov, Manaf Dadaşov və başqaları uşaqların sevincinə sevinc qatdılar.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 7.