Muzeylərin açıq qapı kampaniyası başa çatdı

 

Xəbər verdiyimiz kimi, dekabrın 27-dən yanvarın 5-dək Bakının bir neçə muzeyi Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə şəhər sakinləri və paytaxtımızın qonaqları üçün açıq qapı kampaniyası keçirib.

 

bp-Azərbaycan şirkətinin sponsorluğu ilə gerçəkləşən kampaniya İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksini, Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Xalça Muzeyini əhatə edib. Kampaniya müddətində paytaxt sakinləri və şəhərimizin qonaqları sözügedən muzeylərin ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə etdilər.

Həmişə olduğu kimi, bayram günlərində də İçərişəhərdə ziyarətçi izdihamı yaşanıb. Yerli sakinlərlə yanaşı, xeyli sayda xarici turist də Bakının bu qədim və əsrarəngiz guşəsinə baş çəkib. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən aldığımız məlumata görə, bu günlərdə Qız qalasını 12 min, Şirvanşahlar Sarayı Kompleksini isə 6 mindən çox yerlixarici qonaq ziyarət edib.

Bayram günlərində Milli Azərbaycan Tarixi Muzeyinə gələnlərin sayında da artım müşahidə olunub. Kampaniya haqqında məlumat verən muzeyin ekspozisiya işləri üzrə direktor müavini Həbibə Əliyeva bildirdi ki, muzeylərə marağın artırılması məqsədilə həyata keçirilən layihə uğurlu olub. 300 mindən çox tarixi eksponatı olan Milli Azərbaycan Tarixi Muzeyinə gələnlər ölkəmizin tarixi, etnoqrafiyası, arxeologiyası, numizmatikası və digər qiymətli mənbələrlə yaxından tanış olublar: Ziyarətçilərin sırasında gənclərin, tələbələrin, orta məktəb şagirdlərinin çoxluq təşkil etməsini sevindirici hal kimi qeyd etmək olar. Ümumilikdə layihə çərçivəsində muzeyə 2 mindən artıq insan gəlib ki, onların arasında xarici turistlər də var.

Açıq qapı tədbirinin istirahət günlərinə təsadüf etməsi Azərbaycan Xalça Muzeyinə gələn qonaqların sayına da öz təsirini göstərib. Muzey qeyri-adi dizaynı, müasir ekspozisiyası ilə hər kəsin diqqətini cəlb edir. Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Xalça Muzeyində geniş bayram tədbirləri keçirilib. Uşaqlar üçün səhər, böyüklər üçün isə axşam saatlarında şənliklər təşkil olunub. Ziyarətçilərə muzeyin fəaliyyət istiqamətləri, Azərbaycan xalçalarının hazırlanması qaydaları əyani nümayiş olunaraq ətraflı bilgilər verilib. Həmçinin uşaqlar üçün Öz xalçanı yarat, Öz suvenirini hazırla proqramları, sərgilər nümayiş olunub. Artıq dünyanın mədəni irsinə çevrilən Azərbaycan kəlağayısı da burada geniş şəkildə sərgilənərək təbliğ edilib. Kəlağayının istifadə qaydaları, onun necə bükülməsi qaydaları da diqqətə çatdırılıb. Açıq qapı günlərində muzey gecə saat 24.00-dək fəaliyyət göstərib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 4.