Avropada azərbaycanlı rəssamın ilk fərdi sərgisi

 

Çexiyalı sənətşünaslar Səttarın işlərini görəndə heyrətə gəlmişdilər. Van Qoqun belə işlərini görmüşdülər, amma bu cür yaradıcılıq çeşməsini ilk dəfə idi ki, görürdülər

 

Ədəbiyyat üzrə ilk Nobel mükafatçısı, Aya ilk ayaq basmış şəxs - fəaliyyət dairəsindən asılı olmayaraq, çox zaman ilklərin adları daha tez yadımızda qalır. Elə şəxsiyyətlər də var ki, onlar bir yox, bir neçə sahədə müvəffəqiyyət qazanır. Belə görkəmli şəxslərdən biri Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadədir.

 

Azərbaycan təsviri sənətində lirik mənzərə janrının banisi Səttar Bəhlulzadənin (1909-1974) adı ölkəmizdən kənarda da məşhurdur. O həm boyakarlıqda, həm də qrafikada ustad olan nadir sənətkarlardandır. Rəssam tabloları ilə özünəməxsus, unikal, təkrarolunmaz üslub yaratmışdır. Az adam bilir ki, ona daha bir birincilik məxsusdur. Səttar Bəhlulzadə Avropada fərdi sərgisi keçirilmiş ilk azərbaycanlı rəssamdır. 1966-cı ildə Çexoslovakiyanın paytaxtı Praqada rəssamın qrafikalarından ibarət fərdi sərgisi nümayiş olunmuşdu. S.Bəhlulzadə daha çox boyakar rəssam kimi tanınsa da, onun qrafikaları da yaradıcılığının mühüm hissəsini təşkil edir.

Sərginin təşkili məqamları xüsusi maraq doğurur. Çexoslovakiyadan Bakıya bir qrup sənətşünas gəlmişdi. Onlar qalereyalarda, müxtəlif rəssamların, o cümlədən Səttarın emalatxanasında olurlar, rəssamın rəngkarlıq işlərinə baxırlar. Emalatxanadan çıxarkən təsadüfən S.Bəhlulzadənin qrafikalarını görürlər. Həmin dövrdə SSRİ-də və sosialist ölkələrində təsviri sənətdə sosialist realizmi janrı hökm sürürdü. Qonaqlar S.Bəhlulzadənin qrafik əsərlərinin zənginliyinə, rəngarəngliyinə heyran olaraq Çexoslovakiyada sərginin təşkilini öz öhdələrinə götürürlər. Təkcə Azərbaycan incəsənəti üçün deyil, bütün Sovet İttifaqı incəsənəti üçün çox önəmli hadisə olan bu sərginin açılışı 1966-cı ilin oktyabr ayında baş tutdu.

Səttar Bəhlulzadə Çexoslovakiyaya yaxın dostu, Xalq rəssamı Toğrul Nərimanbəyovla birlikdə getmişdi. Sonralar bu sətirlərin müəllifinə verdiyi müsahibəsində T.Nərimanbəyov sərginin təşkilini belə xatırlayırdı: “Bu, çox böyük bir hadisə idi, o dövrdə Sovet İttifaqında totalitar rejim idi, hər şey çox çətin idi. Çexoslovakiyada o dövrdə tanınmış sənətşünaslar qrupu vardı, Praqada yaşayırdılar. Onlar istəyirdilər ki, sovet incəsənəti ölkədən xaricə çıxsın. Mövcud olan mütərəqqi, novator incəsənət heç cür Avropaya çıxa bilmirdi, qoymurdular. Səttar bu işləri çəkəndə düşünmürdü ki, nə vaxtsa Praqaya, Parisə gedəcək, sadəcə, mənəvi ehtiyacı var idi... Onlar Səttarın işlərini görəndə heyrətə gəldilər. Van Qoqun belə işlərini görmüşdülər, amma belə çoxlu sayda, belə yaradıcılıq mənbəyini, yaradıcılıq çeşməsini ilk dəfə idi ki görürdülər. Dedilər ki, biz bu əsərlərdən Praqada sərgi açmaq istəyirik. Bundan əvvəl dekada çərçivəsində mənim Praqada sərgim olduğuna görə onlar təklif etdilər ki, siz Səttarı müşayiət etsəniz yaxşı olar. Sərgi böyük rezonans doğurdu. Onlar deyirdilər: “Deməli, sizdə belə proqressiv, mütərəqqi incəsənət var, belə azad, qüvvətli rəssamları Avropaya, bütün dünyaya göstərmək, tanıtmaq lazımdır”.

Sənətşünas Paşa Hacıyev belə yazırdı: «Bu çox həyəcanlı hadisə idi. Təkcə Səttar üçün yox - onsuzda Səttar qeyri-adi təvazökarlığına görə öz uğurundan həzz almaqdan uzaq olan bir adam idi - bütün respublika rəssamları üçün. Bu sərgi Azərbaycan rəssamının Avropada ilk fərdi sərgisi idi. Səttar bu ekspozisiyanın ayrı-ayrı rəsmlərini Praqa İncəsənət Muzeyinə hədiyyə etdi”.

Sərgi Praqada “U Recickix” («U Recickych») rəsm qalereyasında təşkil olunmuşdu. Qalereya Praqanın qədim Vodiçkova küçəsində yerləşir. Rəssamın qrafikaları bir neçə mövzuya həsr olunub. Rəsmlərin əsas mövzusu Azərbaycan təbiətidir. Xətt, ştrix və yaxılardan yaranmış mənzərələr - “Tut ağacları”, “Bilgəh kəndi”, “Quba”, “Möhtəşəm ağac”, “Naxçıvan”, “Sərvlə mənzərə”, “Dağlarbuludlar”, “Quşlar səltənəti” Azərbaycan təbiətinin bütün gözəlliyini və rəngarəngliyini əks etdirir. Bəhlulzadənin qrafik mənzərələri rəssamın dərin müşahidə, emosionallıq, geniş improvizasiya qabiliyyətini göstərir. Qrafik mənzərələrin əksəriyyəti tamamlanmış işlər, bir qismi isə gələcək boyakarlıq əsərləri üçün hazırlıq işləridir. Mənzərələrin icra texnikası müxtəlifliyi ilə seçilir. Rəssamın «Dağ silsiləsi və ağaclar»da ştrixlərdən, «Quba»da dalğavarı, spiralvarı xətlərdən, «Dağlı meşələr», «Abşeronda» rəsmlərində nöqtələrdən məharətlə istifadə edərək bütöv bir obrazlar aləmini yaratdığının şahidi oluruq.

Rəssamın qrafik əsərlərinin daha bir maraqlı mövzusu orta əsr dahi Azərbaycan şairi Məhəmməd FüzulionunLeyli və Məcnun” poemasının qəhrəmanlarıdır. Böyük şairin portretləri, Leyli və Məcnunun çoxsaylı obrazları bədii həllinə görə qeyri-adidir, amma məhz bu ağ-qara əsərlər Füzuli poeziyasının lirikliyini əks etdirir.

Səttarın əsərlərinin ayrıca qrupunu qrafik natürmortlar təşkil edir. “Meyvələr”, “Keramika və meyvələr”, “Narlarheyva”, “Güllər və meyvələr” ən gözəl rəsmlər sırasındadır. “Meyvələr” rəsmində ön planda narlar qalın, budaqdakı meyvələr isə nazik konturlarla verilib. Meyvələr müxtəlif qalınlıqlı xətlərlə verilsə də, hamısında həcm, ağırlıq, faktura aydın hiss olunur. Natürmortlarda rəssamın məişətdə istifadə etdiyi əşyalar təsvir olunubbu əşyalar hazırda S.Bəhlulzadənin ev-muzeyində nümayiş olunur.

S.Bəhlulzadə qrafik əsərlərini qrafika sənətinin müxtəlif təsviri vasitələri - karandaş, tuş, qamış qələm, fırça və flomasterlə işləmişdir. Qrafik işlər kiçik rəsmlərdən, eskizlərdən, etüdlərdən tutmuş irihəcmli lövhələrə qədər böyük bir irsi əhatə edir.

Rəssamın Praqada keçirilən qrafika sərgisi ilə əlaqədar çex dilində kataloq çap olunmuşdu. “Cənub günəşinin gözəl bir günü idi...” başlıqlı kataloqun mətni məşhur çex sənətşünası İndrji Xalupetski (Jindrich Chalupecky) tərəfindən yazılmışdı. Praqa sərgisinin afişası, “Prace” adlı Praqa qəzetində çap olunmuş sərgi haqqında məlumat və rəssamın fotosu, həmin illərə aid digər sənədlər rəssamın ailəsində qorunur.

Praqa sərgisinə aid dəyərli sənədlərdən biri rəssamın 1966-cı ilə aid gündəliyidir. Səttar Bəhlulzadə tələbəlik illərindən başlayaraq fasilələrlə ömrünün sonuna kimi gündəlik yazmışdır. Gündəliklərdə həmkarları haqqında, incəsənət xadimləri ilə görüşləri barədə, qarşılaşdığı problemlər haqqında yazmış, bəzi əsərlərini təhlil etmiş, sənət, rəssam, yaradıcılıq haqqında fikir və düşüncələrini bölüşmüş, müxtəlif əsərlərinin eskizlərini çəkmişdir.

1966-cı il gündəliyinin səhifələrinin birində rəssam qara qələmlə Praqanın görünüşünü təsvir etmişdir. Bu gündəlikdə həmçinin rus dilində sənətşünas İrji Şetlikin (Jiri Setlik) belə bir qeydi var: “Həqiqi və səmimi incəsənət mühitində yaxşı söhbətin xatirəsinə, hansının ki müəllifi Bəhlulzadə bizim ölkəmizə gəlib. Gözəl sənətinə görə ona təşəkkür edirəm”.

Qeyd etmək lazımdır ki, İrji Şetlik 1950-60-cı illərdə Praqada Milli Qalereyanın müasir incəsənət kolleksiyaları fondunun rəhbəri olub. Gözəl Sənətlər Akademiyasında dərs deyib, həmçinin UB 12 bədii qrupunun təşkilatçılarından və fəal üzvlərindən biri olub.

Nəinki praqalıların, başqa ölkələrdən olan qonaqların da marağına səbəb olan sərgi iki aya qədər uzadıldı.

Səttar Bəhlulzadənin çex rəssamları ilə əlaqələri sərgidən sonra da davam edirdi. Həmin il dekabrın 17-də İrji Şetlikin yazdığı məktub rəssamın ailəsində saxlanılır: “Sizin Praqaya səfərinizi xoş xatirə kimi yada salırıq və ümid edirik ki, Sizinxoş təəssüratlarınız var”. Məktubda o həmçinin sərgi haqqında jurnallarda dərc olunmuş resenziyalar barədə rəssama məlumat verir.

2014-cü ilin dekabr ayında Praqada yaşayan İrji Şetlik ilə əlaqə yaratdıq. O, incəsənət tədqiqatçılarının 60-cı ilin əvvəllərində sovet respublikalarına səfər etdiklərini xatırladı, xüsusən rus olmayan rəssamlar arasında bütün regionda Səttar Bəhlulzadənin əsərləri onları daha çox valeh etdiyini söylədi.

Səttar Bəhlulzadənin dünya və Azərbaycan incəsənətinə verdiyi töhfə əvəzsizdir. Onun fərdi sərgiləri Nyu-York, Bonn, London, Moskva, İstanbul, Paris, Tbilisi, Daşkənd, Minskbaşqa şəhərlərdə keçirilib. 2009-cu ildə sənətkarın 100 illik yubileyi UNESCO səviyyəsində qeyd edilmiş, Parisdə təşkilatın baş qərargahında tədbirlər keçirilmişdi.

 

Pərzad Abdinova,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2015.- 9 yanvar.- S. 10.