Qarabağ xalçalarında Təbriz ruhu

 

Əli Fərruxi Təbrizli bu sənətin inkişafına töhfələr verib

 

Xalçaçılığın milli mədəniyyət tariximizdə özünəməxsus yeri var. Xalçaya məişətimizdə təkcə qiymətli əşya deyil, həm də maraqlı sənət əsəri kimi dəyər verilib. Ölkəmizdə bu sənətin inkişafına töhfə verənlərdən biri də Əli Fərruxi Təbrizli olub. O, vətən həsrətini, yurd nisgilini ilmələrə, naxışlara köçürərək sənətdə iz qoyub.

 

Əli Fərruxi 1928-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. Erkən çağlardan xalçaçılığa maraq göstərib. 1945-ci ildə Təbrizdə milli azadlıq hərəkatına qoşulub, milli hökumət süqut edəndən (1946) sonra Bakıya gəlib. Burada da xalçaçılıqla maraqlanıb, ecazkar sənətin sirlərinə yiyələnməyə çalışıb. Bu arzu-istək onu görkəmli xalçaçı rəssam Lətif Kərimovun yanına gətirir. Xalq rəssamı onun istedadını bəyənir və onu Azərxalça birliyində işə götürür.

Qarabağda xalçaçılığın inkişafına dair hökumət tərəfindən verilən sərəncamın icrası Əli Fərruxiyə tapşırılır. O, qısa vaxt ərzində işin öhdəsindən gəlir və Ağdamda xalçaçılıq inkişaf etməyə başlayır. Eyni zamanda burada Təbriz xalçaçılıq məktəbinin bir sıra yeni ənənələrinin tətbiqinə başlanılır. 1954-cü ildən başlayaraq xeyli sayda ağdamlı gənc xanım onun köməyi sayəsində xalçaçılıq sənətinin sirlərinə yiyələnir.

Tədricən Əli Fərruxi xalçaçı mütəxəssis kimi bütün respublikada tanınır. Onun vətənsevərlik duyğuları sənətdə də özünü göstərir. Daim Təbriz həsrəti ilə yaşayan xalçaçının toxuduğu xalçada böyük şair Məhəmmədhüseyn Şəhriyarın və Azərbaycanı ikiyə ayıran Araz çayının təsviri əksini tapır.

Əli Fərruxi həm də xeyirxah insan olub. Belə deyirlər ki, bir gün o, Ağdam şəhərində öz xalça dükanının qarşısında dayanıbmış. Bu zaman Ay kilim alan, ay kilim alan deyə-deyə ağsaqqal bir kişinin dükana tərəf gəldiyini görür. Bazarı başdan-başa dolaşankilimini sata bilməyən ağsaqqal çox yorğun halda dükanın qabağından keçir. Əli Fərruxi onun halına acıyır, yanına çağırıb kilimin pulunu artıqlaması ilə ödəyir. Amma bu məqamda o, qoca satıcını daha bir hərəkəti ilə təəccübləndirir. Pulunu alıb getmək istəyəndə onu saxlayıb deyir: Ağsaqqal, indi bir oğlun kimi mən bu kilimi sənə hədiyyə edirəm...

Publisist Eldar Həsənli araşdırmasında yazır ki, Əli Fərruxi Təbrizli çox qonaqpərvər şəxs olub. Tanınmış şairlərdən Söhrab Tahir, Məmməd Araz, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Famil Mehdi, Hüseyn Arif onun ən çox əlaqə saxladığı dostları olub. Xalq yazıçısı Mirzə İbrahimov, Xalq şairi Nəriman Həsənzadə, yazıçı Cəmil Əlibəyov, eləcə də məşhur sənət adamlarından Lütfəli Abdullayev, Rübabə Muradova, Sara Qədimova tez-tez onun qonağı olarmışlar.

Ədəbiyyat və mədəniyyət xadimləri ilə olan ünsiyyəti Təbriz həsrətini bir an da olsun unutdurmur. O, qədim sənət beşiyi ilə nəfəs alır. Əli Fərruxi bir gün Naxçıvan qəzeti redaksiyasına məktub yazaraq xahiş edir ki, Təbrizdən onun üçün bir ovuc torpaq gətirsinlər, bu dünyadan köçəndə övladları gözlərinə töksün... Təbii ki, onun bu xahişini o dövrdə yerinə yetirmək mümkün deyildi.

Ömrünün son çağlarında ən böyük arzusu Təbrizdə qalan qardaşı Hüseyni, bacısı Zəhranı və digər yaxın qohumlarını görmək idi. Təbriz həsrəti güc gələndə Söhrab Tahiri Ağdama dəvət edər və onunla dərdli-kədərli fikirlərini bölüşərmiş.

Araşdırmalarda bildirilir ki, o həm də gözəl ailə başçısı olub, 12 övlad böyüdüb tərbiyə edib, oğlanlarından birinə də Təbriz adı vermişdi.

Əli Fərruxi Təbrizli 1981-ci ildə, 53 yaşında Ağdamda dünyasını dəyişir, bir çox sənət arzuları yarımçıq qalır.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 15.