Görkəmli musiqiçi, sənətşünas və pedaqoq

 

Professor Tərlan Seyidov haqqında miniatür kitab

 

Azərbaycan Respublikasının Kitab Cəmiyyəti tərəfindən Tərlan Seyidov - musiqiçi, sənətşünas, pedaqoq miniatür kitabı 2014-cü ildə İndiqo mətbəəsində nəfis tərtibatla çap olunub. Rus dilində nəşr edilən miniatür kitab Xalq artisti, professor Fərhad Bədəlbəylinin Musiqi sənətinə və təhsilinə sədaqətlə xidmət məqaləsi ilə başlanır. Məqalədə Tərlan Seyidovun Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətindən, həyata keçirdiyi cəsarətli, orijinal ideyaları və layihələrindən bəhs edilir.

Miniatür kitabda görkəmli bəstəkar Qara Qarayevin, P.Çaykovski adına Moskva Konservatoriyasının professoru Lev Vlasenkonun, xalq artistləri Rauf Atakişiyev, Tofiq Quliyev, Firəngiz Əlizadə və Arif Məlikovun məqalələri yer alıb.

Bu məqalələrdə bir daha diqqətə çatdırılır ki, Tərlan Seyidov Azərbaycan fortepiano sənətini XIX əsrin sonundan bu günədək araşdıraraq elmi məktəbin əsaslarını qoyub. O, nəzəri və praktik əhəmiyyətə malik 100-dən artıq elmi işin, monoqrafiyaların, məqalə və tədris vəsaitlərinin müəllifidir. Bu tədqiqatların nəticəsi tələbələrin təcrübi və nəzəri təhsili üçün xüsusi əhəmiyyətə malikdir.

Tərlan Seyidovun Azərbaycan fortepiano musiqisi sahəsində son tədqiqatlarından biri musiqi məktəbi və kollecləri üçün yazdığı, Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsasları kimi dahiyanə irsini təcrübədə öyrənməyə imkan verən dərs vəsaitidir.

Kitabda diqqətə çatdırılır ki, Tərlan Seyidovun təşkil etdiyi Azərbaycan bəstəkarlarının fortepianoorqan sonataları adlı silsilə konsertlər, bir sıra festival və müsabiqələr musiqi mədəniyyətimizdə mühüm hadisə olub. 126 səhifədən ibarət miniatür kitabda 16 rəngli və ağ-qara fotoşəkil yer alıb.

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 15.