Beyləqan Tarix-Diyarşünaslıq Muzeyində zəngin ekspozisiya

 

Azərbaycanın qədim yaşayış məskənlərindən və ilkin şəhər mədəniyyətinin formalaşdığı məkanlardan olan Beyləqan rayonunun ərazisi abidələrlə zəngindir.

 

Rayon ərazisindən aşkar edilən arxeoloji tapıntılar, qədim əmək alətləri və əşyalar muzeydə mühafizə edilir. Muzeyin direktoru Mehriban İsgəndərova bildirib ki, əsas fondda 6000-ə yaxın, köməkçi fondda isə 900-ə yaxın eksponat var.

Muzeyin əhatəsində açıq səma altında yaradılan və Azərbaycanın dövlətçilik tarixini əks etdirən abidə muzey kompleksi də ziyarətə gələnlərin böyük marağına səbəb olur. Muzey kompleksində rayon ərazisində tapılmış daş abidələr, daşdan hazırlanmış qoç heykəllər də yer alıb, qədim Beyləqan şəhər yerinin (Örənqala) maketi kərpiclərdən hörülüb.

Direktor deyir ki, muzey rayon sakinlərinin, məktəblilərin və şəhərin qonaqlarının ən çox ziyarət etdikləri məkanlardandır. 2014-cü ildə muzeyi 22 mindən çox insan ziyarət edib. Muzeyə 40-dan çox ekskursiya təşkil edilib, müxtəlif tədbirlər, mühazirə və açıq dərslər keçirilib.

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 12.