“Nə qədər ömrüm var, işləyəcəyəm”

 

Aydın Kazımzadə: “Xoşbəxtəm ki, Azərbaycan kino sənətində iz qoyan insanlarla münasibətdə olmuşam, onlardan öyrənmişəm”

 

O, Azərbaycan kinoşünaslığında öz sözünü demiş insandır. İxtisasca jurnalist olsa da, yorulmadan kino salnaməmizin öyrənilməsinə töhfələr verib. Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, kino tədqiqatçısı Aydın Kazımzadənin araşdırmaları sayəsində Azərbaycan kinosunun gerçək tarixi (2 avqust 1898-ci il) mədəniyyət salnaməmizdə öz yerini tapıb. Bu tarix Prezident Heydər Əliyevin 2000-ci ildə imzaladığı sərəncamla “Azərbaycan kinosu günükimi təqvimə həkk olunub.

Müxtəlif illərdə bir sıra məsul vəzifələrdə çalışmış Aydın müəllim hazırda təqaüddə olsa da, axtarışlarını davam etdirir, yeni kitablar üzərində işləyir. Yanvarın 15-də 75 yaşı tamam olan yubilyarla söhbətimizdə keçdiyi həyat yoluna nəzər saldıq.

 

- Aydın müəllim, 50 ildən artıqdır ki, kino sahəsinə xidmət edirsiniz. Ömrünü kino tarixinə həsr edən insanın gözləri qarşısında yaşadığı illərin kinolenti necə canlanır?

- Bu illər ərzində o qədər hadisələr baş verdi ki... Onları sadalasam və kinolentə köçürsək çox uzun alınar. Həyatda iki cür insan olur. Rəvan, arzu etdiyi ömrü yaşayan insanlar var. İnsan da var ki, bütün həyatı boyu çalışır. Mən ikincilərdənəm. 15 yaşımdan çalışmışam. İmkanım olmadı ki, 10 illik təhsilimi başa vurum. Buna görə də gecə məktəbinə yazılaraq eyni zamanda işləməyə başladım. Atam Böyük Vətən müharibəsində həlak olmuşdu. Anam iki uşaqla qaldı. Qardaşımı və məni alnıaçıq böyütdü. Ölənə qədər də gözü qapıda qaldı ki, bəlkə atamız qayıtdı. 5 yaşım olanda anamla gedib çörək növbəsinə dayanardım, əllərə nömrələr yazılırdı. “Şərikli çörək” filminə baxanda gözümün qarşısına eynilə həmin anlar gəlir. Müharibə dövrünün uşaqları birdən böyüdülər, bizim uşaqlığımız olmadı. 1958-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldum. Amma yenə də işləyirdim. “Tələbə”, “Avtomobil nəqliyyatçısı” qəzetlərində fotoqraf işlədim. Həmin dövrübu gün kim olduğumu düşünəndə ilk növbədə mənə dərs deyən dəyərli müəllimlərimi ehtiramla anıram. Onların sayəsində mən bu gün yazıram, yaradıram, axtarışlarımı davam etdirirəm. Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Həsən Şahgəldiyev, Nüsrət Babayev, Nurəddin Babayev, Şirməmməd Hüseynov və digərləri. 1963-cü ildən bu günə qədər boş oturduğum vaxt olmadı.

 

- Bu illərdə nələrə nail oldunuz?

- Jurnalistika elə sahədir ki, burada təkcə yazmaq yox, həm də axtarışlara meylli olmaq lazımdır. Müəyyən bir mövzudan yazanda onun dərinliyinə baş vurmalısan. Mən təsadüf nəticəsində kino sahəsinə gəlmişəm. Ola bilərdi ki, başqa sahələrdən yazardım. Kinoda işlədiyim ilk günlərdən Muxtar Dadaşov, Tofiq Tağızadə, Məmməd Əlili, Niyazi Bədəlov, Əlisəttar Atakişiyev, Rza Təhmasib kimi nəhənglərlə görüşdüm və onların əhatəsindən ayrıla bilmədim. Xoşbəxtəm ki, Azərbaycan kino sənətində iz qoyan insanlarla münasibətdə olmuşam, onlardan öyrənmişəm. 1963-cü ilin fevral ayında “Kino yenilikləri” reklam bülletenində işləməyə başladım. Sonra mənim təşəbbüsüm və Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsi rəhbərliyinin razılığı ilə reklam bülleteninin adı və təyinatı dəyişdirilərək 1965-ci ildən “Kino” qəzeti kimi nəşr edilməyə başladı. 1966-cı ildən isə “Film” jurnalının nəşrinə müvəffəq oldum. 1992-ci ilə qədər hər iki nəşrin baş redaktoru vəzifəsində çalışmışam. İşlədiyim müddətdə hər zaman bu sahənin inkişafı üçün əlimdən gələn köməkliyi əsirgəməmişəm. O dövrdə SSRİ-nin digər respublikalarında Azərbaycan kino günlərinin keçirilməsində mən də yaxından iştirak etmişəm. Rusiyadan Ukraynaya, Türkmənistana qədər bir çox yerlərdə kino günləri keçirmişik. Düşünürəm ki, həyatım çox dolğun və mənalı keçib. Mən kino sahəsində ixtisaslaşmış jurnalistəm. 40 ildən artıqdır ki, Jurnalistlər Birliyinin üzvüyəm. Mən öncə jurnalistəm, sonra kino üzrə mütəxəssisəm.

 

- Kino tarixi, kino xadimləri haqqında 30-a yaxın kitabın müəllifisiniz...

- İlk dövrlərdən kino adamları ilə söhbətlərim zamanı bütün nüanslara fikir verər, kino tariximizdə baş verən bütün hadisələri, detalları qeyd edərdim. Hətta dekorasiyaların rəngləri barədə belə suallar verməkdən çəkinməzdim. Beləcə, hər dəfə işlədiyim yazıdan əlavə xeyli yeni material da əldə edərdim. Birgördüm ki, evdə 400-dən çox qovluq üst-üstə yığılıb. Bu qovluqlarda kino idarələri, şəxsiyyətlər, kinossenarilər və s. haqqında geniş informasiya toplanmışdı. “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi ilə əlaqədar böyük bir kitab hazırladım. Kitab Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinə təqdim edilib. Qarşıdan faşizm üzərində qələbənin 70 illiyi gəlir. Bu məqsədlə hazırladığım “Azərbaycan kinosu və müharibə” adlı kitabda həmin dövrdə kino sahəsində işləyən, döyüşən, müharibə kadrlarını çəkən insanlardan bəhs edirəm. Bu işdə vaxtilə kinostudiyada işləyən insanlardan aldığım müsahibələrin də mənə çox köməyi dəyir.

Bu yaxınlarda “Azərbaycan kinematoqrafçıları” kitabımın 6-cı cildi işıq üzü görəcək. Dövlət Film Fondunun sifarişi ilə hazırlanan kitabda kino sahəsində çalışan, lakin unudulan insanlar haqqında məlumatlar, kino tarixində baş verən tarixi hadisələr yer alıb. Çox istərdim ki, “Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu” adlı kitabı yenidən nəşr etdirim. İkicildlik kitaba 1898-ci ildən 2003-cü ilə kimi bütün filmlər daxil edilib. Bundan əlavə, “Üzeyir Hacıbəyov və kino” kitabından sonra çapa hazır olan “Cəfər Cabbarlı və kino” kitabımın da işıq üzü görməsini arzulayıram. Bu kitabda ictimaiyyətə məlum olmayan faktlar yer alıb. Həyatda ən böyük qazancım da odur ki, hər zaman dövlətin diqqətini hiss etmişəm. Əməkdar incəsənət xadimi fəxri adına, Prezident təqaüdünə layiq görülməyim buna bariz nümunədir. Bir çox mükafatların sahibiyəm. Bütün bunlar məni işləməyə sövq edir. Yaşımla əlaqədar təqaüdə çıxsam da, yenə çalışıram. Mənə belə gəlir ki, nə qədər ömrüm var, işləyəcəyəm.

 

- Aydın müəllim, doğum gününüzü necə qeyd edəcəksiniz?

- “Mədəniyyət” qəzetinin rəhbərliyinə və kollektivinə sonsuz təşəkkürlərimi bildirirəm ki, ilk olaraq onlar məni yada salır, daim diqqətdə saxlayırlar. Hamımız bir gün bu dünyadan gedəcəyik. Ona görə də hər kəsə sağlam həyat və cansağlığı arzulayıram. Ad günümü ailəmlə birlikdə qeyd edəcəyəm.

 

 Yubiley təbrikləri, xoş diləklər

 

Müşfiq Hətəmov - Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru:

Aydın Kazımzadənin tədqiqatları sayəsində bu gün kino tariximizin yeni səhifələri ilə tanış olmaq imkanı əldə etmişik. O, jurnalist, kino tədqiqatçısı olmaqla yanaşı, həm də gözəl pedaqoqdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinoşünaslıq kafedrasında uzun illərdir ki, gənc kino mütəxəssislərinin yetişməsinə töhfələr verir. Tanınmış kino xadimləri haqqında məlumatların əldə olunmasında, onların yubileylərinin keçirilməsində hər zaman yaxından iştirak edərək öz köməyini əsirgəmir. Bu yorulmaz fəaliyyətinə görə ona təşəkkür edirik. Aydın Kazımzadəni 75 illiyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı arzulayıram. Aydın müəllimin yubileyini kinostudiyada təmtəraqlı şəkildə qeyd edəcəyik.

 

Rasim Salmanov - Dövlət Film Fondunun direktoru:

Aydın Kazımzadə Azərbaycan kino tarixinin öyrənilməsində və tədqiqində müstəsna xidmətlər göstərib. Kino haqda elə bir kitab, elmi əsər, yaxud monoqrafiya yoxdur ki, orada Aydın müəllimin hansısa tədqiqat işinə istinad olunmasın. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun xətti ilə onlarla kitabı çap edilmişdir. Aydın müəllim 20 il Dövlət Film Fondunda aparıcı işçilərimizdən olmuşdur. Hazırda da onun tövsiyələrinə ehtiyac duyuruqo, tədbirlərimizin hazırlanmasında fəal iştirak edir. 75 illik yubileyi münasibətilə Aydın müəllimi təbrik edir, işlərində uğurlar arzulayıram.

 

Ayaz Salayev - kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi:

Bütün kino sənətkarlarımızın yubileyləri Aydın müəllimin adı ilə bağlıdır, desəm yanılmaram. Yubiley tədbirlərinin hazırlanmasında yaxından iştirak edərək, gənc nəslə kino xadimlərimiz haqqında geniş məlumat verir. Bizim hər bir kino xadiminin yubileyi elə Aydın Kazımzadənin də yubileyi, bayramı sayıla bilər. Bütün kino xadimləri ona borcludur. Görün, nə qədər kino hadisəsinin qeyd edilməsində Aydın müəllimin iştirakı və rolu olub. O, Azərbaycan kinosuna son dərəcə sadiq insandır və onun vurğunudur. Məhz onun araşdırmaları kinomuzun tarixini müəyyənləşdirib. Aydın Kazımzadənin fəaliyyəti mənə böyük ilham və ümidlər verir. Biz bir qayda olaraq çox zaman belə bir hadisə ilə rastlaşırıq ki, insan fəaliyyətinin ilkin dövründə daha məhsuldar olur, qalan hissəni isə bu dövrdə qazandıqları ilə yaşayır. Aydın müəllim buna zidd bir ömür yaşayır. O, 60 yaşından sonra demək olar ki, daha uğurlu işlərə imza atdı. Bu hamımıza bir nümunə olmalıdır. Mən bu baxımdan ondan nümunə götürürəm. Arzum budur, mən də elə bir yaşa çatım ki, Aydın müəllim yubileyimdə çıxış edərək, fikirlərini bölüşsün.

 

İntiqam Hümbətov - “Mədəniyyət” qəzetinin baş redaktoru:

Tanınmış jurnalist, kino tədqiqatçısı Aydın Kazımzadə bu sahədə uzun illərdir ki, çox səmərəli fəaliyyət göstərir. Onlarla kitabın, dəyərli tədqiqatların müəllifidir. Kino tariximizin öyrənilməsində onun müstəsna xidmətləri var. Bu gün gənc nəsil ondan öyrənir, onun məsləhətlərinə ehtiyac duyur. Mənim üçün xoşdur ki, qəzetə rəhbərlik etdiyim bu beş il müddətində onunla əməkdaşlıq etmək bizə də nəsib olub. Aydın Kazımzadənin fəaliyyəti, əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Aydın müəllim bu gün yorulmadan fəaliyyətini davam etdirir. Bu yolda ona yeni uğurlar və ən əsası, möhkəm cansağlığı arzulayıram.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 7.