“Tranzitə məhdud” - müasir incəsənət sərgisi

 

Yanvarın 9-da “Kiçik Qala” art-qalereyasında “Tranzitə məhdud” adlı müasir incəsənət qrup sərgisinin açılışı oldu. “Tranzitə məhdud” sərgisi məkan anlayışını formalaşdırmaq üçün qavrayış ardıcıllığını araşdırır, vizual təqdimetməni adi hüdudlarından çıxararaq məhdudiyyətləri keçir.

Sərgidə gənc rəssamlar Aqil Abdullayev, Emin Əzizbəyli, Sitarə İbrahimovaZamir Süleymanovun əsərləri nümayiş olunur. Sitarə İbrahimova sərginin tamaşaçıların zövqünü oxşayacağına ümidvar olduğunu bildirdi: “Son zamanlar nadir hallarda belə qrup halında sərgilər olur. Bu müasir qrup sərgisi anlayışlarımızı formalaşdırmaq üçün fərqli bir sərgidir. Burada nümayiş olunan əsərlər yaradıcı üsulları ilə öz hislərini adi hüdudlardan çıxararaq məhdudiyyətləri aşmanın bir nümayişidir”.

Sərgidə müxtəlif dünyagörüşü və yaradıcılıq imkanlarını ortaya qoyan dörd gənc rəssamın 20-yə yaxın rəngkarlıq əsəri sərgilənir. Sərgi fevralın 10-dək davam edəcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 6.