Yaddaşlardan silinməyən gecə ekrana çıxır

 

Qanlı Yanvar filminin çəkilişləri başa çatıb

 

Azərbaycanın tarixində ən faciəli səhifələrdən biri olan 20 Yanvar qırğınının 25 ili tamam olur. 20 Yanvar milli hüzneyni zamanda milli qürur günüdür.

 

Həmin gün Bakı küçələrində tökülən şəhid qanları xalqımızın milli oyanışının al şəfəqinin simvolu oldu. Kinorejissor, ssenarist Vahid Mustafayevin çəkdiyi Qanlı Yanvar filmi də suverenliyimizə, milli heysiyyətimizə qəsd edən sovet hərb maşını qarşısında Azərbaycan xalqının övladlarının qəhrəmanlığından bəhs edir. Ekran əsəri artıq hazırdır və ilk anonsu təqdim edilib.

Tarixi əhəmiyyətli Qanlı Yanvar filminin əsas süjet xəttində real hadisələr lentə alınıb. Bir neçə baş rol qəhrəmanının timsalında bütöv bir xalqın susadığı müstəqillik ruhu uğrunda mübarizə canlandırılıb.

20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş filmi beynəlmiləl kollektiv ərsəyə gətirib. Filmdə Azərbaycan, Amerika, İran, rus türk aktyorları rol alıblar. Çəkilişlərdə məşhur amerikalı aktyor Leyn Devis, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılıq etdiyi heyət iştirak edib. Filmdə belə bir beynəlmiləl kollektivin iştirakı ekran əsərini Azərbaycan çərçivəsindən çıxarıb, beynəlxalq səviyyəyə qaldırır.

Ekran əsərində Bakıda 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə ertəsi gün baş verən hadisələr təsvir edilib. Filmdə Azərbaycanın qəhrəman övladları şəhərə girmiş işğalçı qoşunlara qarşı döyüşür, onlardan qisas almaq üçün mübarizə aparırlar.

Qanlı Yanvarın ilk təqdimatının yanvarın 19-da keçirilməsi nəzərdə tutulur.

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 4.