Avropa Oyunları üçün uşaq və gənclərin incəsənət proqramı

 

Musiqi və rəqs kollektivlərinin idman qurğuları qarşısında çıxışları nəzərdə tutulub

 

Yanvarın 13-də Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə şöbəsi əməkdaşlarının və Bakı şəhərinin aparıcı uşaq musiqi və incəsənət məktəbləri direktorlarının iştirakı ilə I Avropa Oyunlarına hazırlıqla bağlı yığıncaq keçirilib.

Toplantıda 12-28 iyun 2015-ci il tarixində keçiriləcək I Avropa Oyunları zamanı paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin qarşısında duran vəzifələr müzakirə edilib. Oyunlar zamanı yarış iştirakçıları və qonaqlara mədəni xidmətlərin göstərilməsi, onlara milli mədəniyyət nümunələrimizi yaxından tanıdılması məqsədilə məktəb direktorlarına müvafiq konsert proqramlarının və təkliflərin hazırlanaraq nazirliyə təqdim edilməsi tapşırılıb.

I Avropa Oyunları zamanı Bakının müxtəlif meydan və parklarında, mədəniyyət və idman qurğularının qarşısında Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin rəqs nömrələrinin nümayiş etdirilməsi, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin birləşmiş xorunun, xalq çalğı alətləri orkestrinin, simli musiqi alətləri ansamblının, caz qrupunun çıxışları nəzərdə tutulub.

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 2.