Taleyinə sürgünlük yazılan ədib

 

Hitlerin kitabını oxuduğu üçün repressiya olunmuşdu

 

Ötən əsrin 30-cu illərinin repressiyalarına məruz qalan, uzun illər sürgün həyatı yaşayan qələm sahiblərindən biri də yazıçı Ənvər Yusifoğlu olub.

 

Ənvər Yusif oğlu Qasımov 1914-cü il yanvarın 14-də Yevlaxda anadan olub. Əslən Ordubad rayonundan olan atası İrəvan gimnaziyasını bitirdikdən sonra YevlaxdaŞuşada, eləcə də Tiflisdə poçt-teleqraf işində çalışıb. Ənvərin gənclik illəri Tiflisdə keçir. Orta təhsilini başa vurduqdan sonra Pedaqoji Texnikuma qəbul olunur. Ədəbi yaradıcılığa elə həmin vaxtlarda başlayır. “Bir matrosun xatirələri” adlı ilk hekayəsi də Tiflisdə “Ədəbiyyat cəbhəsi” jurnalında dərc edilir. 1932-ci ildə o, Gürcüstan Proletar Yazıçılar İttifaqına üzv olur. Tiflisdə və Gəncədə qəzetlərlə əməkdaşlıq edir. Sonra Kinematoqrafiya İnstitutunda təhsil almaq üçün Moskvaya gedir. Ancaq ailə vəziyyəti ilə əlaqədar təhsilini yarımçıq qoyur və Bakıya gəlir. Bir müddət “Kommunist” qəzetində ədəbi işçi kimi çalışdıqdan sonra, Azərbaycan İncəsənət Muzeyində Şərq şöbəsinin müdiri vəzifəsində çalışır. “Azərbaycan incəsənət tarixi” kitabının çapa hazırlanmasında iştirak edir.

Lakin dövrün acı ruzigarı sevincli günləri Ənvər Yusifoğluna çox görür. Təqiblər, sorğu-suallar başlayır. 24 yaşı yenicə tamam olanda - 20 yanvar 1938-ci ildə həbs edilir. Onu “əksinqilabi-millətçi təşkilat”ın üzvlüyündə ittiham edirlər. Səbəbsiz yerə 14 ay həbsdə qaldıqdan sonra azad olunuröz işinə qayıdır. Amma 1942-ci ildə onu yenidən həbs edirlər və 5 il azadlıqdan məhrum olunan yazıçı Qazaxıstanın Kokçetav rayonuna sürgünə göndərilir.

Xalq şairi Nəriman Həsənzadə yazıçının “Yaşamaq həvəsi” kitabının müqəddiməsində yazır: “Ənvər Yusifoğlu ilə həm qonşu olmuşam, həm də yetmişinci illərdə “Azərbaycan” jurnalında bir yerdə işləmişik. Mən poeziya şöbəsində, o isə nəsr şöbəsində çalışırdı. Zərif zövqü və insanı özünə cəlbetmə magiyası var idi. “Ədəbiyyat və incəsənət” qəzetində işlədiyi vaxtlarda təsviri sənətlə də məşğul olurdu. SSRİ Rəssamlar İttifaqının və SSRİ Yazıçılar İttifaqının üzvü idi. O vaxt istedadı və az-çox diqqəti cəlb edən yaradıcılığı olmayanları bu təşkilatların üzvlüyünə götürmürdülər. Ənvər müəllim nadir istedad sahibi idi. Lakin onda olan bu ilahi vergi tamamilə açıla bilmədi. Hamballarkimi əvəzsiz bir povestin, “Düşmənimin düşməni”, “Cərrahlar” kimi qiymətli romanların və başqa yaddaqalan əsərlərin müəllifi içindən qovrula-qovrula qalmışdı. On il ailəsindən, vətənindən uzaq - Sibir çöllərində siyasi dustaq olmuşdu. Bir sözün güdazına getmişdi. Demişdi ki, “mən “Mayn Kampf”ı oxumuşam. Çörək kəsdiyi qələm yoldaşı səhərisi gedib “lazımi yerə” məlumat vermişdi ki, o, Hitlerin kitabını oxuyub. Xalq dili üslubunda gözəl əsərlər yazan Ənvər Yusifoğluxalq düşməni” kimi həbs edilir və vətənindən didərgin salınır...”

Ənvər Yusifoğlu 1947-ci ildə sürgündən qayıdır. Ancaq ona Bakıda yaşamağa icazə verilmir. Balakən rayonuna göndərilir. Katex kəndində ağac emalı fabrikində fəhlə işləyir. 1956-cı ildə bəraət aldıqdan sonra Bakıya qayıdır və taleyində işıqlı günlər başlayır. 1960-cı illərdə “Hekayələr” kitabı işıq üzü görür, povestromanlar qələmə alır.

Nəriman Həsənzadə daha sonra qeyd edir: “Bir dəfə Ənvər söhbət əsnasında dedi ki, mən tutulanda Biləcəridə gecələyəsi oldumHüseyn Cavidlə bir taxtın üstə yatdıq... Sonralar xahiş etdim ki, bir xatirə yazsın, qəzetdə dərc edək. Zarafatla söz atdı ki, “belə getsə, səni bir gün tutacaqlar...” Hələ də canında qorxu qalmışdı. Mən təkidlə xahiş etdim ki, Cavidlə bağlı bir şey yazsın. Nəhayət, söz verdi və yazdı da. Amma qəzetdə dərc etmək üçün vermədi. Axşam söz vermişdi, səhəri eşitdim ki, yazdıqlarını cırıb, tikə-tikə edib. Həyat yoldaşından xahiş edib ki, aparıb atsın. Sonralar yazıçının qızı Nərgiz xanım dedi ki, cırılan vərəqləri özünün xahişi ilə gedib təzədən zibil qutusundan götürdük. Birtəhər yapışqanla bərpa etdik və əlyazmalar arxivinə verdik”.

Ədibin sağlığında on kitabı işıq üzü görüb. Bu kitabların biri Xalq rəssamı Maral Rəhmanzadənin zəngin sənət dünyasına həsr olunub. MüəllifinHamballarpovesti ötən əsrin 20-ci illərinin hadisələrindən bəhs edir. Qalan əsərləri isə yaşadığı illərin ab-havasını əks etdirir. O, nədən yazırsa-yazsın, yalnız insan taleləri haqqında düşünüb. “Yaşamaq həvəsi”, “Gəlsin, gəlməsin”, “Xamlamış cığırlar”, “Üç oğul, üç ana, bir nənə”, “Yaşasın insan”, “Gecə qardaşları”, “Dəniz, baba nəvə”, “Atalar oğullaradlı hekayələrində, “Cərrahlarpovestində bu gerçəkliklər müşahidə olunur. Yazıçı hər şeydən əvvəl insani duyğuların sorağında olub, paklığı, mənəvi saflığı təbliğ edib. Onun qəhrəmanları sadə əmək adamlarıdır.

Ömrü məşəqqətlərdə keçən yazıçı 1989-cu ildə Bakıda vəfat edib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 15.