Özbəkistan saytında “Qayınana” filmi haqqında məqalə

 

Özbəkistanın uchildiz.uz portalında “Dünya kino xəzinəsindən: “Qayınana” adlı məqalə dərc olunub. Məqalədə Özbəkistanda da məşhur olan “Qayınana” filmi, bu ekran əsərində baş rol ifaçısı, Azərbaycanın Xalq artisti Nəsibə Zeynalovanın həyat və yaradıcılığı haqqında söhbət açılır.

“Qayınana”nın keçmiş SSRİ dövründə özbək dilinə dublyaj edildiyinio vaxtdan Özbəkistanda ən çox baxılan klassik filmlərdən biri olduğunu qeyd edən müəllif ekran əsərinin ölkənin telekanallarında tez-tez nümayiş etdirildiyini vurğulayır.

Məqalədə bildirilir ki, Nəsibə Zeynalova 20-dən artıq filmdə, 70-dən çox teatr tamaşasında maraqlı obrazlar yaradıb. Onun yaratdığı Cənnət xala, Suğra, Fatmanisə və digər rollar bu gün də Azərbaycanda və digər ölkələrdə sevilir.

Sonda qeyd edilir ki, Özbəkistanın tanınmış müğənnisi Şahzoda “Qayınana” filmindən fraqmentlərdən istifadə edərək yeni klip çəkdirib və bu klip tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 14.