Elm və həyat nakamı...

 

Görkəmli dilçi, türkoloq, tənqidçi, siyasətçi Aydın Məmmədov

 

Nəinki təkcə doğma sahəsində, habelə bir sıra “yad obyektlər”də professional bir şəxs, rasional bir aydın. Amma həm də elmi, fəlsəfi, sosioloji energetikasının ictimai-siyasi həyatla, ətraf aləmlə qeyri-proporsionallığı...

Bu qüvvətli dilçi sözügedən əkslik “rəqabəti”ni dilə gətirib bəyan edə bilmədiyindən, çox zaman nə edəcəyini də bilmirdi...

 

1944-cü ildə Şəkinin Kiş kəndində doğulmuş, qonşu Oxud kənd orta məktəbini qızıl medalla bitirmiş Aydın Məmmədov bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi-mədəni, ictimai-siyasi dirçəlişinə həsr edib, getdi...

Orta məktəbdə müəllim işlədi, Bakıda elmi işçi kimi böyüdü, ictimai xadimliyə yüksəldi, cari ərazi haqqımızı elmi araşdırmaları ilə möhürləyən məşhurlardan biri oldu. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirdi. Sovetskaya turkoloqiya” jurnalının redaktor müavini, Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi, SSRİ və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, mənən bir-birinə çulğaşması, doğmalaşması üçün, bu kimi xırda yazılara sığışmayası işlər gördü.

Ömrünün sonlarında isə bütün enerjisini, vaxt-bivaxtını Azadlıq, milli-istiqlal mayalı ictimai-siyasi hadisələrə həsr etdi. 1988-ci ilin fevralından başlayan Xalq hərəkatının ön sıralarında olduöz geniş biliyi, erudisiyası ilə dayanmadan mübarizə apardı. Kolorital, dilavər dilibirlik - dirilikdir”, “el bir olsa, zərbi kərən sındırar” kimi kəlmələrdə, savadı-intellekti “alternativ”, “konsensuskimi terminlərdə, özü - Azadlığı şəxsi büdcəsindən vacib hesab edən tətilçi fəhlələrin, “pripiska”çı ağalara etiraz edən kəndlilərin, milli istiqlal tələbli tələbələrin, keçmiş repressiya xoflu ziyalıların yanında... Ayıq siyasətçiliyi, ardıcıl demokratlığı ilə seçilən yorulmaz Aydın bəyin hadisələrə öz orijinal, optimal münasibəti, ümumictimai mahiyyətə işləyən şəxsi yozumu vardı. O, öz güclü məntiqi, alovlu nitqlərilə xalqın sevgisini qazanır, on minlərcə insanı arxasınca aparmağı bacarırdı. Elə həmin “on minlər”in “el gücü - sel gücü” sayəsində millət vəkili seçilən Aydın Məmmədov milli birlik yaradılması, azadlıq və demokratiya uğrunda hərəkatımızın düz yolla aparılması işində çox ciddi fəaliyyət göstərdi. O, təpədən-dırnağa milli mənli-mənafeli bir insan olmaqla yanaşı, özgürlüyünə zərrəcə zərər yetirilməməsi şərtilə internasional, beynəlhumanist düşüncələr adamıydı da. Elə onun respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri görəvinə layiq bilinməsinin bir səbəbi də həmin keyfiyyətlə bağlı idi.

Yaddaşlarımızda izlər, milli taleyimizdə əriməz buzlar bağlamış məlum problemimizin baş qaldırdığı ilk aylarda o, Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini seçilmişdi. Məhsuldar və seçkin ədəbi-tənqidi yaradıcılıq istedadı onu Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə də yüksəltmişdi.

1991-ci il aprelin 19-da, yuxarıda toxunduğum milli olaylarla ilgili səfərlərin birində (əslində... sonuncusunda!) elmi-əqidəvi çiyindaşı Dilarə Əliyeva ilə birlikdə avtomobil qəzasında faciəli şəkildə həlak olan Aydın Məmmədov öz doğma Kiş kəndində dəfn edilmişdir.

Xətri bütün xalqımızçün əziz olan bu elm və ellər oğlu -

 

Xatirələrdə...

 

Öncə özümdən: 1988-ci il, payızın əvvəlləri. Bəlli hadisələr tüğyan edir, ötən 70 ilin milli dayanışından yavaş-yavaş dəbərən xalq sürətli oyanışda. Çoxları kimi, AzTV-nin Ədəbi-dram verilişləri Baş redaksiyasında çalışan bəndəniz də hərəkata sərf etdiyi macallardan kəsib “Karvan” adlı yeni verilişin ilk çıxışçılarını arayır. Və... əlbəttə, yada ilk düşən meyar-ziyalı Xudu Məmmədovla Aydın Məmmədov! Nəhayət, studiya, mənim rasional-irrasional suallarım və bu soyad adaşlarının bir-birindən dərin, məntiqi cavabları. Veriliş başa çatır, təklikdə Xudu müəllimdən (bir az da ərk-incik tərzdə) bəzi suallarımı nədən həddən ziyadə qısa cavablandırmasını soruşuram, o isə: “Neynim, Aydın müəllim o qədər maraqlı danışırdı ki, mane olmaq istəmədim. Darılma, növbəti verilişdə o suallara bir daha toxunaram. Sağlıq olsun...”

Lakin... sağlıq olmadı: Xudu müəllim bir neçə gün sonra Üzeyir Hacıbəyovun ev-muzeyinin zirzəmisində - Qarabağ dərdimizin qızğın, çarəsizlik süslü müzakirələrində ürəyi tab gətirməyib dünyasını dəyişdi, mən məşhur və məşum 5 dekabr gecəsi hadisəsində həbs olundum, Aydın Məmmədov isə, artıq yuxarıda bəhs edilən məlum qəza məsələsi...

Növbəti xatirə görkəmli türkoloq Tofiq Məliklidən:

Biz ikimiz də 1960-1965-ci illərdə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində oxuyurduq. Mən şərqşünaslıqda, Aydın filologiyada oxumağımıza baxmayaraq, “potok” dərslərdə görüşür, aradabir bufetdə, çayxanada dərdləşərdik. Tanışlığımızın əsl dostluq-qardaşlığa dönməsi isə Moskvada, aspiranturada oxuduğumuz illərdə oldu. Mən SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında, o, Dilçilik İnstitutunun Türk Dilləri Bölümünün aspiranturasında. Yataqxanalarımız bir-birinə yaxın idi. İki il boyunca Aydın, demək olar, hər gün saat 8-də yanıma gəlir, birlikdə qəhvəaltı edir (“qastrito illərin bizə “hədiyyəsi” idi!), tez-tələsik Lenin kitabxanasına qaçırdıq. Bizim aspirantlar “mehmanxanamız”da gələcəyin tanınmış elm adamları (Arif Məmmədov, Hafiz Paşayev, Fuad Quliyevb.) söhbətlər zamanı iki humanitar elmin təmsilçisi olan Aydınla mənə tariximiz, soykökümüz, türkologiya ilə bağlı çoxlu suallar verirdilər. Özü də onları daha çoxbiz kimik, hardan gəlmişik, millət kimi necə formalaşmışıq, 1918-1920-ci illərdə nələr baş veribkimi suallar maraqlandırırdı.

Dedikcə istedadlı bir dilçi-alim olan Aydın şumerlərlə, “günəş teoriyası”, daha sonralar siyasət, televiziya aparIcılığı və başqa mühüm işlərlə məşğul olmağa başladı”.

Tofiq Məliklinin sözlərinə görə, ovaxtlar Bakıda nəşr edilən “Sovetskaya turkologiya” jurnalı istənilən səviyyədə çıxmırmış və hətta Sovet Türkoloqlar Komitəsinin bəzi üzvləri onun Moskvaya köçürülməsini təkidlə təklif edirmişlər. “Mən Bakıya ezam olundum, jurnaldakı durumu incələdikdən sonra, bir neçə maddədən ibarət təkliflər hazırlayıb Komitəyə təqdim etdim. Bu təkliflərdən biri də beləydi: jurnalda daha çox dilçilik problemlərinə yer verildiyi nəzərə alınaraq baş redaktorun birinci müavini dilçi-alim olsunbu vəzifəyə Aydın Məmmədov təyin edilsin. Bəzi Komitə üzvləri onun namizədliyinə ciddi etiraz edirdilər. Uzun dartışmalardan sonra A.N.Kononov və Əthəm Tenişevin dəstəkləriylə Aydın jurnalın birinci müavini təyin olundu.

...Aydın Məmmədovun gözəl təşkilatçılığı nəticəsində “Sovetskaya turkologiya” jurnalının işində çox önəmli dəyişikliklər baş verdi və qısa zamanda nəinki Sovetlər İttifaqında, hətta dünyada türkologiya sahəsində olduqca mötəbər bir elmi jurnala çevrildi”.

Tofiq Məliklinin buraqədərki xatiratının, sadəcə, oxucu-dinləyicisiyik. Bir qədər yaşlı nəsil isə A.Məmmədovun 80-ci illərin axırlarında həyatının ən aktiv dövrünü yaşadığının, Milli hərəkatın liderlərindən biri, alovlu televiziya tribunu kimi fəaliyyət göstərdiyinin, gördüyü işlərlə Azərbaycanın ədəbi və ictimai-siyasi həyatında, ellik şüurun formalaşmasında önəmli rol oynadığının canlı şahidi, onun adının unudulmaz insanlar siyahısında daim yaşayacağının təsdiqçiləridir...

 

Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 13.