Turizm bölgələrinə yeni sərnişin avtobusları

 

Avropa Oyunları ilə bağlı ölkəyə turist axını nəzərə alınaraq onlayn bilet satışı proseduru da təkmilləşdirilir

 

Bu ilin iyununda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar respublikamızın səfalı guşələrinə turist səfərlərinin artacağı nəzərə alınaraq paytaxtdan turizm potensialı olan bölgələrə gedən sərnişin avtobusları yeniləri ilə əvəzlənəcək.

 

Bu barədə məlumat verən Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib ki, Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində tədbirlər həyata keçirilir: “Avropa Oyunları ilə bağlı Tədbirlər Planı çərçivəsində bizim ən böyük layihələrimiz artıq yerinə yetirilib. Bunların arasında Ziya Bünyadov prospektinin yenidən qurulması əsas yer tuturdu. Avropa Oyunlarının əsas marşrut xətlərindən biri bu prospektdən keçir. Eyni zamanda hazırda Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam etdirilir. Bundan başqa, sərnişindaşıma üzrə də müvafiq addımlar atılıb. Artıq paytaxta 50 ədəd yeni sərnişin avtobusu, o cümlədən 200 ədəd “London taksisi” gətirilib və bu proses davam etdiriləcək”.

Sərnişin avtobuslarında kart-ödəniş sisteminin tətbiqinin mart ayınadək reallaşacağını deyən N.Həsənov qeyd edib ki, Avropa Oyunlarının əsas marşrut xətləri üzərindəki dayanacaqlarda wi-fi sisteminin quraşdırılması ilə bağlı texniki məsələlər də öz həllini tapmalıdır. Həmçinin yaxın aylarda yol cizgiləri xətlərinin, piyada keçidlərinin, yol göstərici xətlərin yenidən rənglənməsi, nişanların qoyulması kimi işlər həyata keçiriləcək.

Nazirliyin rəsmisi bildirib ki, Avropa Oyunları ilə əlaqədar ölkəmizə çoxsaylı turist axını da gözlənilir: “Onlar yalnız yarışları izləməyəcək, həm də Azərbaycanın səfalı guşələrinə yollanacaqlar. Bu baxımdan turizm potensialı olan istiqamətlərdə yeni avtobusların xətlərə buraxılması ilə bağlı işlər aparılır, onlayn bilet satışı proseduru təkmilləşdirilir”.

 

Mədəniyyət.-  2014.- 16 yanvar.- S. 12.