Gənc yazıçının pyesi Təbrizdə kukla teatrında səhnəyə qoyulub

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı gənc yazıçı Səidə Haqverdiyevanın uşaqlar üçün qələmə aldığı Toplan pyesi Təbrizin tanınan Mika kukla-sənət qrupu teatrında səhnəyə qoyulub. Bu barədə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən məlumat verilib.

2003-cü ildən müstəqil şəkildə fəaliyyətini davam etdirən və əsas məqsədi Azərbaycan kukla teatr sənətini Təbrizdə yaşatmaq olan Mika teatrı rejissor Əli Bernonun rəhbərliyi ilə bu günədək bir sıra ölkələrdə beynəlxalq festivallarda da iştirak edib. Klassik teatr ənənələrini müasir çalarlarla zənginləşdirməyi, azərbaycanlı müəllifləri tanıdıb sevdirməyi hədəfləyən sənət ocağı bu dəfə gənc yazıçının bədii nümunəsini səhnələşdirməyi qərara alıb. Səidə Haqverdiyevanın pyesinin ana xəttini təşkil edən sədaqət, dostluq, dürüstlük, səmimiyyət və qarşılıqlı inam kimi dəyərlər təşkil edir.

Rejissor tamaşanın yanvarın 21-də balaca teatrsevərlərin ixtiyarına veriləcəyini deyib. Toplan fevralın 9-dək Təbrizin müxtəlif sənət məkanlarında nümayiş olunacaq. Tamaşada teatrın əsas səhnə ustalarından Hesam Maqsudi, Cəlil Şahnazi, Fərhad Fərəhbaş, Mehdi Borhan və başqaları rol alıb. Səhnə əsərinin il ərzində Bakıda da nümayişi nəzərdə tutulur.

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 11.