Turizm imkanlarımız beynəlxalq sərgilərdə

 

Yanvar ayında ölkəmiz üç sərgidə təmsil olunacaq

 

Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi yanvar ayı ərzində 3 beynəlxalq turizm sərgisində təmsil edəcək. Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, ayın ilk sərgisi 22-25 yanvar tarixində İstanbulda keçiriləcək.

 

“EMİTT-2015” sərgisində Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi məqsədilə 70 kvadratmetrlik sahə icarəyə götürülüb. Sərgidə nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. “Millennium Tourism and Congress”, “Greenwich Travel”, «Meridian Travel», «Geo Travel», «Gilan Turizm», «Vektor Turizm Agency», «Proksi Travel», «Regea Travel», «Çinar Naftalan» sanatoriyası, «Düzdağ» Terapiya Mərkəzi və «Rixos Quba» hotelinin nümayəndələri də sərgi iştirakçıları arasında olacaq.

Bu ay Azərbaycanın təmsil olunacağı daha bir sərgi yanvarın 23-dən 25-dək Nyu-York şəhərində keçiriləcək «The New York Times Travel Show» sərgisidir. Sərgiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 30 kvadratmetrlik sahə icarəyə götürülüb. Tədbirdə nazirliyin Turizm şöbəsinin əməkdaşları və «Silk Way», «Spektr Travel», «Turizm az», «Ze Tour», «Regea Travel», «Paşa Travel», «Geo Travel» şirkətlərinin, «Riqs Hotel» və «AZAL»ın nümayəndələri qatılacaqlar.

Yanvarın 28-dən fevralın 1-dək İspaniyanın paytaxtı Madriddə keçiriləcək FİTUR beynəlxalq turizm sərgisi 35 illiyini qeyd edir. Sərgidə nazirliyin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun rəhbərliyi ilə heyət iştirak edəcək. Qeyd edək ki, FİTUR beynəlxalq turizm sərgisi ekspozisiya sahəsinin genişliyinə və iştirakçıların sayına görə dünyanın ən böyük sərgilərindən biri hesab olunur. Sərgi çərçivəsində Dünya Turizm Təşkilatının silsilə tədbirləri, o cümlədən “Mükəmməllik və yenilik” mükafatının təqdimatı, alış-veriş turizm konfransı, Afrika üzrə VI turizm investisiyabiznes forumu keçiriləcək.

Qeyd olunan sərgilərdə nazirliklə yanaşı ümumilikdə 22 turizm şirkəti və 5 mehmanxana təmsil olunacaq.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 9.