Özbəkistan saytında Avropa Oyunları haqqında məqalə

 

Özbəkistan uchildiz.uz portalında “Bakı - birinci Avropa Oyunlarının keçiriləcəyi şəhər” adlı material verilib. Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə rus dilində dərc edilən məqalədə qeyd olunur ki, birinci Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Məclisində verilib. Avropa Oyunlarının açılışı 2015-ci il iyunun 12-də, bağlanışı isə ayın 28-də olacaq.

Məqalədə deyilir ki, birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir. Qeyd olunur ki, www.baku2015.com portalında Avropa Oyunları ilə bağlı müntəzəm məlumatlar yerləşdirilir. Məqalədə Oyunlara hazırlıqla bağlı görülən işlər haqqında ətraflı məlumat yer alıb.

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 8.