Misir Mədəniyyət Mərkəzinə Azərbaycan kitabları hədiyyə olunub

 

Yanvarın 15-də Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovelmi katib Əminə Cəfərova Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət Mərkəzində olublar.

 

Mərkəzin müdiri Ahmed Sami Elaydi ilə görüşdə iki ölkə arasında mədəni əlaqələrdən söhbət açılıb. Kərim Tahirov yanvarın 28-də Misirdə keçiriləcək 46-cı beynəlxalq kitab sərgisində ölkəmizin də təmsil olunacağını qeyd edib. Bildirilib ki, Azərbaycan Milli Kitabxanası ilk dəfə olaraq Misir kitab sərgisində nümayiş olunmaq üçün ədəbiyyat göndərib.

Misirin qabaqcıl ali təhsil ocaqlarından olan Ayn Şəms Universitetində Azərbaycan dilinin tədrisindən danışan Ahmed Sami Elaydi bu universitetdə ölkəmizə aid guşənin yaradılmasını təklif etdiyini söyləyib. Mərkəzin rəhbəri Azərbaycan haqqında Misir xalqının çox məlumatlı olduğunu, ölkəmizin tarixi, Qarabağ həqiqətləri barədə bir sıra əsərlərin, məqalələrin ərəb dilinə tərcümə edilərək oxuculara çatdırıldığını bildirib.

Görüşdə Azərbaycan Milli Kitabxanasının Misir Milli Kitabxanası və İskəndəriyyə Kitabxanası ilə əlaqələrindən danışılıb, iki ölkənin milli kitabxanası arasında əməkdaşlıq barədə memorandumun imzalanması barədə fikir mübadiləsi aparılıb.

Sonda Milli Kitabxananın direktoru Azərbaycana aid kitabları mərkəzin kitabxanasına hədiyyə edib.

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 4.