Azərbaycandan dünyaya dialoq mesajı

 

BMT-də “Bakı Prosesi” və III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı keçiriləcək

 

Yanvarın 27-də Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı (ABŞ) baş qərargahında "Bakı Prosesi" və III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçiriləcək. Təqdimat Mədəniyyət və Turizm Nazirliyi, BMT yanında daimi nümayəndəliyimiz və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

 

Tədbir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2010-cu il sentyabrın 23-də BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında ideyası bəyan edilən və qurum tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun 5 illik yubileyinə həsr olunur. 2011 və 2013-cü illərdə keçirilmiş forumlar Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasında rol oynayıb.

Təqdimat tədbirində dünyanın nüfuzlu siyasi xadimləri, BMT sistemində fəaliyyət göstərən təşkilat və qurumların rəhbər şəxsləri, katibliyin rəsmiləri və ABŞ-da, həmçinin BMT-də fəaliyyət göstərən müxtəlif ölkələrin diplomatik nümayəndəlik və səfirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan filmin təqdimatı və xüsusi sərgi nümayiş olunacaq.

Mədəniyyətlərarası dialoqla bağlı “Bakı Prosesinin əsası 2008-ci ildə qoyulub. Həmin il dekabrın 2-3-də Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə “Mədəniyyətlərarası dialoq Avropaonun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfrans keçirilib. Azərbaycan tərəfi tədbirə müsəlman ölkələri nazirlərini də dəvət etməklə mədəniyyətlərarası dialoqa pəncərə açdı. Prezident İlham Əliyev konfransda mədəniyyətlərarası dialoqla bağlı “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü. 2010-cu ildə dövlət başçısı Azərbaycanın mədəniyyətlərarası dialoq üzrə Dünya Forumuna ev sahibliyi etmək niyyətini BMT kürsüsündən bəyan etdi.

2011-ci ilin 7-9 aprelində gerçəkləşən I Bakı Dünya Mədəniyyətlərarası Dialoq Forumu qədim şəhərin çağdaş dünyaya tolerantlıq mesajı oldu. 2013-cü il 30 may - 1 iyun tarixində keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu 90-dan çox ölkənin təmsilçilərini bir araya gətirməklə öz miqyasını bir daha sübut etdi. Tədbir çərçivəsində Bakıda Tolerantlıq Mərkəzi açıldı. III Dünya Mədəniyyətlərarası Dialoq Forumu bu ilin may ayında keçiriləcək.

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 2.