Həyatın gözünün içinə bax!

 

Yanvarın 15-də Müasir İncəsənət Muzeyində Əməkdar rəssam Müseyib Əmirovun Bax adlı incəsənət layihəsi çərçivəsində fərdi sərgisi açılıb.

Açılış mərasimində Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov və digər çıxış edənlər rəssamın yaradıcılığından danışıblar. Bildirilib ki, Müseyib Əmirovun Həyatın gözünün içinə bax! vizual çağırışı onun yaradıcılığının tamamilə yeni mərhələsində yaranmış və dünyada baş verən distruktiv proseslərə münasibətdə hökm sürən laqeydliyə qarşı tənqidi baxışıdır. Rəssam tablolarında müasir dövrün düşüncə tərzini qrotesk formasında, rəsm əsərlərini dolduran, stilizə edilmiş obrazlar şəklində sənədləşdirir.

Təsvir edilən insanlar onlara qərib olan cəmiyyətdən qurtulmağa can atırlar. Ancaq paradoksal haldır ki, insanları getdikcə kölgədə qoyan sənayenin və yüksək texnologiyaların yaradıcıları da elə onların özləridir. Deməli, yaradıcı insan öz əməyinin bəhrəsindən asılı vəziyyətə düşür. Sərgidə rəssamın 13 rəngkarlıq və 20-dək qrafik əsəri nümayiş olunur. Sərgi fevralın 10-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 2.