Qanlı Yanvar ekrana çıxdı

 

Yanvarın 19-da Nizami Kino Mərkəzində 20 Yanvar hadisələrindən bəhs edən Qanlı Yanvar bədii filminin təqdimatı keçirildi. Rejissor Vahid Mustafayevin çəkdiyi filmin təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi. Premyeraya ekran əsərinin yaradıcı heyəti, o cümlədən məşhur aktyorlar Nəbahət Çehrə (Türkiyə) və Leyn Devis (ABŞ) da qatılmışdı.

 

Təqdimat mərasimində çıxış edən Vahid Mustafayev filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi: Bu film gərgin əməyin bəhrəsidir. Qanlı Yanvar filmi bütövlükdə 63 günə ərsəyə gəldi. Filmin beynəlxalq bir yaradıcı komandası var. Film bir çox ölkələrdə nümayiş olunacaq, Azərbaycanı beynəlxalq festivallarda təmsil edəcək.

Türkiyəli aktrisa Nəbahət Çehrə Azərbaycanı ikinci vətəni hesab etdiyini bildirdi: Bu filmdən çox duyğulandım. Filmdə iki övladı qarşı-qarşıya gələn, sonda birini itirən ana rolunu canlandırmışam. Bu müddət ərzində Azərbaycanın müstəqilliyi yolunda yaşadığı çətin anları daha yaxından öyrənmək imkanım oldu. Biz qardaş xalqlarıq. Sevincimiz də, kədərimiz də birdir. Bu səbəbdən də filmdə təsvir olunan hadisələri qəlbən yaşadım.

Filmdə xarici jurnalist obrazını canlandıran amerikalı aktyor Leyn Devis bu çəkilişlər sayəsində 20 Yanvar hadisəsi barədə ətraflı məlumat aldığını dedi: Doğrusu, çox təsirləndim. Hər bir azadlıq və müstəqillik həmişə böyük mücadilə bahasına əldə olunur. İnanıram ki, bu film ən yaxşı tarixi ekran əsərlərindən biri olaraq hər kəsin rəğbətini qazanacaq.

Filmin rejissorussenari müəllifi Vahid Mustafayev, baş prodüseri Mirşahin Ağayev, prodüserləri Vaqif Əsədullayev və Rüfət Əsədov, musiqi müəllifi Ariya Əziminejad, montaj edəni Məstanə Mühacir, rəssam Mina Sultan, baş operator Afşin Əlizadədir.

* * *

Yaradıcı heyətin təqdimatından sonra film nümayiş olundu. 20 Yanvar faciəsi Azərbaycan ilə sovet imperiyasının yolayrıcı və müstəqil Azərbaycana aparan yolun başlanğıcı idi. Qanlı Yanvar həmin hadisələri bizə bir azərbaycanlı ailəsinin - Nərimanovların timsalında göstərir. İki qardaş - KQB zabiti, kommunist Nəcəf Nərimanov və sovet ordusunun keçmiş zabiti, indi inqilabçı, demokrat olan Mehdi Nərimanov bir ailənin iki üzvü, ayrı-ayrı cəbhələrdə vuruşurlar. Mehdi dostları ilə birlikdə düşmənlərlə mübarizəyə qalxır. Hadisələrin mərkəzində onları boya-başa çatdıran ana - Xədicə xanım dayanır. İki qardaşın arasında nifaq yaranmasının qarşısını almağa çalışır. Filmdə ön planda yer almış iki qardaş Azərbaycanı çiçəklənən, firavan görmək istəyir. Xədicə xanımın dili ilə desək ... sadəcə onların yolları və yoldaşları ayrıdır.

Vətən, ana və ailə sevgisinin qarşılaşdırıldığı filmdə sonda hər kəs öz həqiqətini tanıyır. Filmdə müstəqilliyin qiyməti, anaların və övladların məsuliyyəti vurğulanır, əlində silah olan bir kəs ədalətli ola bilərmi kimi suallara cavab axtarılır. Ekran əsərində Bakının 1990-cı il yanvarın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələri təsvir edilib. Filmdə Azərbaycan inqilabçıları şəhərə girmiş işğalçı qoşunlara qarşı döyüşür, onlardan qisas almaq üçün mübarizə aparırlar. Filmin əsas süjet xəttini o dövrdə baş vermiş real hadisələr təşkil edir. Qanlı Yanvar yaddaşlarımızı itiləyir, milli ruhun nə demək olduğunu bir daha anladır.

Bakıfilm kinostudiyası və ANS Yayım&Media Şirkətinin təqdim etdiyi film Azərbaycan Respublikası PrezidentininÇingiz Mustafayev Fondunun dəstəyi çəkilib.

Filmin qəhrəmanları bilirlər ki, əliyalın sovet imperiyası ilə müharibədə qələbə çalmaq olmaz. Amma mübarizə aparmaq olar. Sovet qoşunları etdikləri vəhşiliklərlə xalq arasında qorxu, təlatüm yaratmaq istəyir. Amma gecolsa, anlayırlar ki, məhz təlatümü yaradan, imperiyaya inamı darmadağın edən elə Azərbaycan xalqının özüdür. Çünki xalq daha boyunduruq altında yaşamaq istəmir. Film Şəhidlər xiyabanında Xədicə xanımın və oğlu Mehdinin şəhidlərin məzarını ziyarət etməsi ilə bitir. Burada isə Azərbaycanın artıq inkişaf edən, müstəqil bir dövlət kimi təsvir olunur.

Qeyd edək ki, Qanlı Yanvar filmi yanvarın 20-dən paytaxtın və ölkənin digər şəhərlərindəki kinoteatrlarında nümayiş olunur.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 5.